Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş respublika müşavirəsində qaldırılan məsələlərin və qarşıya qoyulan hədəflərin icrası ilə əlaqədar Sabirabad rayonunda müşavirə keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş respublika müşavirəsində qaldırılan məsələlərin və qarşıya qoyulan hədəflərin icrası ilə əlaqədar Sabirabad Rayon İcra Hakimiyyətində müşavirə keçirilmişdir.
Müşavirədə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Heydər Yaqubov, kənd təsərrüfatı, pambıqçılıq, baramaçılıq, sənaye, heyvandarlıq sahələrində fəaliyyət göstərən 80-dan yuxarı yerli fermer və kənd təsərrüfatı sahəsində faəliyyət göstərən şirkətlərin rəhbərləri, eləcə də bu sahə ilə əlaqəli dövlət qurumlarının nümayəndələri iştirak etmişdir.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov tədbirdə çıxış edərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkənin kənd təsərrüfatına göstərdiyi diqqət və qayğı sonsuz, əvəzsizdir. Ölkə rəhbərinin respublika müşavirəsindəki çıxışı, bu sahənin vəziyyəti, əldə edilən nəticələr, çatışmazlıqlar, gələcək perspektivlər barədə qarşıya qoyduğu vəzifələr, eləcə də təsdiq etdiyi "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" bunun bariz ifadəsidir. Cənab Prezidentin çıxışında ifadə olunan məsələlər və proqramda əksini tapan vəzifələr bilavasitə kənd təsərrüfatının inkişafına, ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, davamlı və dayanıqlı milli iqtisadiyyatın gücləndirilməsinə, ən başlıcası insanların rifah halının yaxşılaşdırılmasına xidmət edəcəkdir.
İcra başçısı rayonun iqtisadi inkişafında pambıqçılığın, baramaçılığın, yerli istehsalatın rolunu xüsusi vurğulamış, işsizliyin aradan qaldırılması, əhalinnin məşğulluğunun təmin olunması və dayanıqlı inkişaf üçün kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyətinin dəstəklənməsi əsas prioritetlərdən olduğunu qeyd etmişdir. Dövlətin fermerlərə yaratdığı əlverişli şərait və güzəştli mexanizmlər sayəsində Sabirabad rayonunda da kənd təsərrüfatı sahəsinin davamlı inkişaf etdiyini bildirmişdir.
Görüşdə fermerlərin müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.









