Son illərdə nəqliyyat sektorunda texnoloji yeniliklər sürətlə artır və bu dəyişikliklər qanunvericilik səviyyəsində də öz əksini tapır. Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsində müzakirəyə çıxarılan “Nəqliyyat haqqında” qanuna təklif edilən dəyişikliklərə əsasən, avtonom nəqliyyat vasitələrinin istismara buraxılma qaydalarının müəyyənləşdirilməsi nəzərdə tutulur. Bu addım gələcəkdə pilotsuz idarə olunan avtomobillərin hüquqi çərçivədə istifadəsinə imkan yarada bilər.
1xeber.media xəbər verir ki,məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a bildirib ki, bu avtomobillər çox bahadır:
“Bu avtomobillərin ölkəyə gətirilməsi və istismara verilməsi kifayət qədər yüksək xərc tələb edir. Ona görə də sahibkarın belə bir avtomobili alıb 2-5 manatlıq taksi xidmətinə yönəltməsi hazırkı dövrdə real görünmür. Yaxın 5-10 il ərzində bu tip nəqliyyat vasitələri daha çox prestij və imkan göstəricisi kimi istifadə olunacaq. Yəni müəyyən şəxslərin şəxsi avtomobili statusunda olacaq. Bu səbəbdən yaxın dövrdə onların geniş şəkildə tətbiq olunacağını gözləmirəm. Gələcəkdə isə belə texnologiyaların yayılması mümkündür. Amma bunun üçün ilk növbədə ümumi yol hərəkəti sistemi tam oturuşmalı, bütün sürücülər yol hərəkəti qaydalarına eyni səviyyədə əməl etməlidir. Hazırkı vəziyyətdə bunu tam şəkildə tətbiq etmək faktiki olaraq qeyri-mümkündür. Taksi sürücülərinində bununla bağlı narahat olmağa əsas yoxdur. Hər kəsin öz işi, öz qazancı var”.
O deyib ki, bu məsələ hazırda sadəcə qanun layihəsi səviyyəsində müzakirə olunur:
“Üstəlik, burada söhbət yalnız avtomobillərdən getmir. Layihə dənizçilik, yükdaşıma və digər xidmət sahələrini də əhatə edir. Təəssüf edirəm ki, bəzi sürücülər məsələyə yalnız sərnişindaşıma prizmasından yanaşırlar. Qiymət məsələsinə gəlincə isə, burada əsas amil bazar iqtisadiyyatı olacaq. Standart tariflər formalaşacaq və tələb-təklif münasibətləri qiymətləri müəyyən edəcək. Əgər sürücüsüz avtomobil daha baha xidmət göstərərsə, vətəndaş daha sərfəli variantı seçəcək. Burada sahibkar yanaşması da vacibdir. Sahibkar hesablayır ki, əgər bir sürücüsüz avtomobilə 70-90 min manat xərc çəkəcəksə, həmin vəsaitə bir neçə adi avtomobil alıb daha çox gəlir əldə edə bilər. Üstəlik, həmin avtomobillərdə bir neçə sürücü işləyib ailəsini dolandıra bilər. Digər tərəfdən, bahalı avtomobillərin təmiri, texniki xidməti və digər prosedurları da baha başa gəlir. Yəni belə nəqliyyat vasitələrinin saxlanılması ucuz proses deyil”.