İsrail ABŞ-ın İranla aparılan danışıqlardakı mövqeyi barədə daha çox məlumat əldə etməyə çalışıb, bu zaman məlumat toplama üsullarında icazə verilən həddi keçib.
1xeber.media xəbər verir ki, bu barədə “Nyu York Tayms” mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, İsrail və ABŞ uzun müddətdir bir-birini izləyir və casusluq fəaliyyəti ilə məşğul olur, hər iki tərəf də bu fəaliyyətlərdən xəbərdardır və buna müəyyən dərəcədə göz yumur. Lakin İsrail ABŞ-ın İranla danışıqlardakı mövqeyi barədə məlumat əldə etməyə çalışarkən “qırmızı xətti" keçib.
Bildirilib ki, ABŞ kəşfiyyatı ölkə rəhbərliyini İsrailin ABŞ-ın yüksək vəzifəli məmurları, o cümlədən prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff, müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Elbric Kolbi və digər şəxslərlə bağlı izləmə və məlumat toplama fəaliyyətini gücləndirdiyi barədə xəbərdar edib.
Nəşr qeyd edir ki, ABŞ ordusu İsrail tərəfinə çoxlu taktiki və operativ məlumat versə də, İsrail xüsusilə ABŞ Prezidenti Donald Trampın İranla danışıqlardakı strategiyası ilə maraqlanıb.
Hətta vurğulanır ki, İsrailin casusluq fəaliyyəti Trampın ikinci prezidentlik dövründə daha çox nəzarətdən çıxıb.