Rusiyadan qaçan "Mashina Vremeni" rok qrupunun solisti Andrey Makareviçin İsraildəki evi İranın raket zərbəsi nəticəsində zədələnib.
1xeber.media xəbər verir ki, musiqiçi bu barədə öz Facebook səhifəsində məlumat verib.
"Dünən bizə dəydi. Pəncərələr, çərçivələr, dam... Xoşbəxtlikdən, evdə deyildik... Bu səhər başqa bir həyəcan siqnalı gəldi. Deyəsən, bu, baş verməyə başlayır", - deyə o yazıb.
Daha əvvəl Makareviçin həyat yoldaşı Einat Klein musiqiçinin və ailəsinin İsraildə atəşə tutulduğunu bildirmişdi. O qeyd etmişdi ki, hücum onları dostlarından evə gedərkən Hayfa yaxınlığında yaxalayıb. Onun sözlərinə görə, ailə 40 dəqiqə yolun kənarında uzanmalı və sonra "qısa cəldliklə" evə qayıtmalı olub.