Azərbaycanda həbsdə olan Fransanın “SAUR” şirkətinin vitse-prezidenti Anass Derrazın cəzası azaldılıb.
Bu barədə 1xeber.media-ya onun vəkili Yaqub Nəcəfli məlumat verib.
O bildirib ki, Bakı Apellyasiya Məhkəməsi Anass Derrazın şikayətini qismən təmin edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib və onun cəzası 12 ildən 9 ilə endirilib.
İttihama görə, Fransa prezidentinin mühafizə xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz Azərbaycanəsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunurlar.
Adıçəkilən şəxslər Fərhad Əhmədovdan rüşvət tələb ediblər və bunun müqabilində sonuncunun dəbdəbəli “Luna" yaxtasının həbsdən azad ediləcəyini, beynəlxalq sularda üzəcəyini bildiriblər. Bundan başqa tərəflər Fərhad Əhmədovun özünün sanksiyalardan qorunacağını vəd ediblər.
Ümumilikdə 6 milyon 140 min dollar rüşvət verilməsi ilə bağlı razılıq əldə edilib.