Вернуться назад Распечатать

Parlamentdə üzdən oxuya bilməyən deputat kimdir – DOSYESİ

Deputat Ülviyyə Həmzəyevanın parlamentdə çıxışı zamanı mətni çətinliklə oxuması və bəzi sözlərin tələffüzündə səhvlərə yol verməsi sosial şəbəkələrdə və ictimaiyyətdə müzakirələrə səbəb olub. Bu fonda deputatın təhsili və peşə fəaliyyəti də maraq doğurub.

1xeber.media Tribuna.az -a istinadla xəbər verir ki, Ülviyyə Həmzəyeva 30 aprel 1982-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şəkərabad kəndində anadan olub. Orta təhsilini Naxçıvan şəhərində alıb.

2003-cü ildə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin təsviri incəsənət ixtisasını fərqlənmə diplomu ilə bitirib.

2006-cı ildə isə həmin universitetdə pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə magistr təhsilini də fərqlənmə ilə başa vurub.

O, Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət və rəsmxət kafedrasında baş müəllim kimi fəaliyyət göstərib. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dissertantıdır.

Ülviyyə Həmzəyeva Naxçıvan Ali Məclisinin IV çağırış, Azərbaycan Milli Məclisinin isə V, VI və VII çağırış deputatıdır.

O, həmçinin 5 mart 2021-ci ildə keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında partiyanın İdarə Heyətinin üzvü seçilib.

Rəssam-deputatın əsərləri Azərbaycanla yanaşı, ABŞ, Çin, Türkiyə, Portuqaliya, Gürcüstan, İspaniya və digər ölkələrdə təşkil olunan 200-ə yaxın fərdi və qarışıq sərgidə nümayiş etdirilib.
2008-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, 2009-cu ildə isə Azərbaycan Respublikasının Əməkdar rəssamı fəxri adına layiq görülüb.

O, Azərbaycan Rəssamlar İttifaqının və UNESCO-nun Beynəlxalq İncəsənət Assosiasiyasının üzvüdür. 2013-cü ildə “Yeni Era” Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvlüyünə qəbul olunub. 2011-ci ildən isə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədridir.