Məhərrəm ayının başlanması münasibətilə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri ölkə dindarlarına müraciət ünvanlayıb.
1xeber.media xəbər verir ki, qurumun yaydığı məlumatda yeni ayın təqvimi açıqlanıb. Türk Dövlətləri Təşkilatı Müsəlman Dini İdarə rəhbərləri Şurasının Fətva şöbəsinin tərtibatı və Şamaxı Astrofizika Rəsədxanasının hesablamaları əsasında məhərrəm ayının 1-i miladi təqvimlə iyunun 16-na, Aşura günü isə iyunun 25-nə təsadüf edəcək.
Müraciətdə İslam peyğəmbəri Məhəmməd salallahu əleyhi vəsəlləmin nəvəsi İmam Hüseyn əleyhissalamın, onun ailə üzvlərinin və tərəfdarlarının haqsızlığa karşı mübarizədə şəhid olması bəşər tarixində dəyanət rəmzi kimi xarakterizə olunub.
Qazılar Şurası məhərrəmlik dövründə təziyə mərasimlərinin, xüsusən Tasua və Aşura günlərində bədənə xəsarət yetirmək, qan çıxarmaq və ya zəncir vurmaq kimi əməllərin dində qəbul edilməz olduğunu xatırladıb. Dini ayinlər fəaliyyətdə olan qanunvericiliyə uyğun qaydada yalnız məscid və ziyarətgahların ərazisində təşkil edilməlidir.
İctimai asayişi pozan küçə yürüşlərinə, dövlət atributlarına uyğun gəlməyən rəmzlərin istifadəsinə və milli-mənəvi dəyərlərə zidd şüarların səsləndirilməsinə yol verilməməlidir. Din xadimlərinin xütbələrində vətənpərvərlik, mənəvi ucalıq mövzularına geniş yer ayrılmalıdır.
Dualarda Kərbəla şəhidləri ilə bərabər, Azərbaycanın suverenliyi uğrunda canından keçən birinci və ikinci Qarabağ müharibəsi şəhidlərinin, həmçinin 20 Yanvar, Xocalı faciəsi qurbanlarının xatirəsi mütləq yad edilməlidir. Bölgələrdəki din xadimləri bu qaydalara əməl olunması barədə quruma hesabat verməlidirlər.
Məhərrəmlik ayında ən humanist addım olaraq uzun illərdir QMİ-nin təşəbbüsü ilə keçirilən qanvermə aksiyası davam etdiriləcək. Dindarlar paytaxtda və bölgələrdə fəaliyyət göstərən tibb müəssisələrində, qan bankının şöbələrində könüllü olaraq qan verərək xəstə uşaqlara və ehtiyacı olan insanlara yardım edə bilərlər. Aksiyanın təşkil olunacağı tibb məntəqələrinin siyahısı idarənin rəsmi internet səhifəsində yerləşdiriləcək.