Вернуться назад Распечатать

TƏBİB-də rəhbərlər dəyişir, sistem olduğu kimi qalır - Raminlə, Vüqarla, Anarın nə fərqi?...

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli Fərmanı ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) publik hüquqi şəxs yaradıldı. Qurumun ilk rəhbəri TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Ramin Bayramlı oldu. O, 2019-cu ilin dekabr ayında bu vəzifəyə təyin edildi və 2021-ci ilədək quruma rəhbərlik etdi. 

Lakin bir müddət sonra TƏBİB-in fəaliyyəti ilə bağlı ciddi narazılıqlar yaranmağa başladı. Cəmiyyətdə və səhiyyə cameəsində Ramin Bayramlının rəhbərlik etdiyi dövrdə qurumda ciddi problemlərin yaşandığı barədə iddialar səsləndirildi. Nəticədə Ramin Bayramlı yola salındı və TƏBİB-ə Vüqar Qurbanov rəhbər təyin olundu.

Aradan bir neçə il keçəndən sonra isə oxşar vəziyyət yenidən təkrarlandı. İnsanların narazılığı və digər səbəblər fonunda Vüqar Qurbanov da vəzifəsindən uzaqlaşdırıldı. Bu dəfə isə  Anar Bayramov adlı şəxs qurumun rəhbəri təyin edildi. Anar Bayramov da ilk günlərdən verdiyi səs-küylü qərarlarla gündəmə gəldi. Onun sürətli addımları müəyyən müzakirələrə səbəb olsa da, bu qərarların bir çoxu suallar doğurdu.

Əslində o da ilk addımlarından səhvlər etməyə başladı.

Məsələn, TƏBİB-in strukturunda icraçı direktorun iki müavini nəzərdə tutulduğu halda, sonradan daha bir icraçı direktor müavini vəzifəsi ortaya çıxdı. Yeni vəzifənin hansı əsaslarla və hansı qərarla yaradıldığı barədə ictimaiyyətə hər hansı açıqlama verilmədi. Beləliklə, icraçı direktor müavinlərinin sayı üçə çatdı. Bu müavinlərdən ikisi Vüqar Qurbanovun dövründən qalanr, digəri isə Anar Bayramovun komandasında yer alan şəxs oldu. Maraqlıdır ki, icraçı direktorun 3-cü müavini kimin yerinə təyin edilib? Bu barədə aylardır cavab yoxdur. 

Əslində, Vüqar Qurbanovdan qalan miras bu gün də eyni formada davam edir. Yəni dəyişən yalnız adlardır, sistem, xidmət dəyişmir. Bunun ən sadə nümunələrindən biri qurumun rəsmi internet səhifəsindəki "Struktur" bölməsidir. Məntiqə görə, vətəndaşlar həmin bölməyə daxil olaraq qurumun idarəetmə strukturu, şöbələri və məsul şəxsləri haqqında məlumat əldə etməlidirlər. Lakin struktur sxemi o qədər kiçik və anlaşılmaz formada yerləşdirilib ki, onu normal şəkildə görmək və oxumaq üçün, sözün həqiqi mənasında, mikroskop lazım olur. Bu Vüqar Qurbanovun zamanında da belə idi, indi də belədir.

Bu vəziyyətin texniki səhv olduğunu söyləmək çətindir. Çünki saytın digər bölmələri normal işləyir və məlumatlar rahat şəkildə görünür. Məhz struktur bölməsinin bu formada hazırlanması suallar yaradır. Belə görünür ki, vətəndaşların kimə və hansı şöbəyə müraciət etməli olduqlarını bilməmələri üçün bu vəziyyət qəsdən yaradılıb. TƏBİB-də çalışan şəxslər də bu barədə kifayət qədər məlumatlıdırlar.

Bütün bunların fonunda ortaya əsas sual çıxır: Anar Bayramovla Ramin Bayramlının, Vüqar Qurbanovun fərqi nədir?

Qurumun yeni rəhbərinin fəaliyyətə başlamasından təxminən iki ay keçməsinə baxmayaraq, ictimaiyyət və vətəndaşlar hər hansı ciddi dəyişiklik görməyib. Əgər iki ay ərzində səhiyyə sistemində və TƏBİB-in fəaliyyətində nəzərəçarpacaq yenilik müşahidə olunmursa, bu təyinatı vətəndaşların gözləntilərinin reallaşması kimi deyil, hansısa komandanın növbəti qələbəsi kimi qiymətləndirmək olar.

Nəticə etibarilə, rəhbərlər dəyişsə də, vətəndaş üçün vəziyyət dəyişmir. Bu gün də TƏBİB-də köhnə mənzərə davam edir. Əsas məsələ şəxslərin dəyişməsi deyil, sistemin dəyişməsidir. Əgər sistem dəyişmirsə, yeni təyinatların da vətəndaşların həyatında ciddi fərq yaratması mümkün görünmür.

bizimesr.com