16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən mexaniki şəkildə tam uzaqlaşdırılması real həyatda mütləq nəticə verə bilməz. Texnoloji qadağalar təkbaşına tam filtr rolunu oynamır. Bu addım daha çox uşaqların fiziki və psixoloji sağlamlığını erkən yaşda bullinq, zərərli məzmun və rəqəmsal asılılıqlardan qorumağa yönəlmiş hüquqi mexanizm kimi qiymətləndirilməlidir.
1xeber.media xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında İT mütəxəssisi Elvin Abbasov sosial şəbəkələrdə yaş məhdudiyyətinin tətbiqi ilə bağlı qanun layihəsini şərh edərkən deyib.
Ekspert bildirib ki, qanunun effektivliyi yalnız qadağalardan deyil, ailələrdə rəqəmsal gigiyena mədəniyyətinin formalaşdırılmasından da asılı olacaq:
“Tam qadağa əvəzinə uşaqların internetdə passiv məzmun istehlakçısına çevrilməsinin qarşısını almaq, onları proqramlaşdırma, robototexnika və süni intellekt kimi faydalı rəqəmsal yaradıcılıq sahələrinə yönləndirmək daha vacibdir.
Yaşın bank kartı və telefon nömrəsi vasitəsilə yoxlanılması ilkin filtrasiya baxımından faydalı görünsə də, bu üsul tam etibarlı hesab edilə bilməz. Uşaqlar valideynlərinə məxsus mobil nömrə və ya bank kartı məlumatlarından istifadə etməklə yaş məhdudiyyətlərini asanlıqla yayına bilərlər. Digər tərəfdən, belə məlumatların platformalar tərəfindən toplanması fərdi məlumatların təhlükəsizliyi ilə bağlı əlavə risklər yaradır”.
Ekspert hesab edir ki, daha effektiv həll yolu yaş nəzarətinin əməliyyat sistemi səviyyəsində qurulmasıdır:
“Əpl (Apple) və Quqlun (Google) daxili uşaq hesabları kimi mexanizmlər həm istifadəçi rahatlığını qoruyur, həm də fərdi məlumatların sızması riskini azaldır. Uşaqlar VPN və digər texniki vasitələrdən istifadə etməklə yerli səviyyədə tətbiq olunan məhdudiyyətləri asanlıqla keçə bilərlər. VPN texnologiyaları istifadəçinin internet trafikini şifrələyərək onun fərqli ölkədən qoşulduğunu göstərir. Bu səbəbdən yaş nəzarəti yalnız milli şəbəkə səviyyəsində deyil, qlobal rəqəmsal ekosistemlərlə inteqrasiya olunmuş formada qurulmalıdır.
Meta, Tiktok və digər qlobal platformaların qısa müddətdə bütün yerli tələblərə uyğunlaşması hüquqi və texniki baxımdan mürəkkəb prosesdir. Bu platformaların fəaliyyətinə tətbiq oluna biləcək trafik məhdudiyyətləri təkcə istifadəçilərə deyil, sosial media üzərindən fəaliyyət göstərən bizneslərə, rəqəmsal marketinq sektoruna və elektron ticarət subyektlərinə də mənfi təsir göstərə bilər”.