Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında mühüm strateji sənədlərdən biridir. 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış bu bəyannamə iki ölkə arasında münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəldən sənəddir.
1xeber.media xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında türk jurnalist Zəki Gümüş söyləyib.
O bildirib ki, Şuşa şəhəri Qarabağ bölgəsində xüsusi əhəmiyyətə malikdir və Azərbaycanın mədəni, tarixi baxımdan mühüm mərkəzlərindən biridir. Onun sözlərinə görə, Bəyannamənin məhz bu şəhərdə imzalanması sənədə həm simvolik, həm də siyasi baxımdan xüsusi məna qazandırır.
“Sənəd Azərbaycan və Türkiyə arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur. Xüsusilə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq bəyannamənin əsas istiqamətlərindən biridir. Bu çərçivədə birgə hərbi təlimlərin keçirilməsi, müdafiə sənayesi sahəsində əməkdaşlıq və silahlı qüvvələr arasında koordinasiyanın gücləndirilməsi kimi məsələlər ön plana çıxır. Bununla yanaşı, sənəddə iqtisadi və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi də mühüm yer tutur. Enerji layihələri, nəqliyyat və tranzit dəhlizləri, xüsusilə regional enerji təhlükəsizliyi və ticarət əlaqələrinin inkişafı əsas istiqamətlərdəndir. Bu kontekstdə Azərbaycan-Türkiyə enerji dəhlizlərinin və nəqliyyat layihələrinin inkişafı qarşılıqlı əməkdaşlığın vacib hissəsi kimi qeyd olunur”, - deyə türk jurnalist vurğulayıb.
Z.Gümüş əlavə edib ki, Bəyannamə, həmçinin iki ölkənin beynəlxalq məsələlərdə daha sıx əməkdaşlıq etməsini, regional sabitlik və təhlükəsizliyin təmin olunmasına töhfə verməsini hədəfləyir. Bundan əlavə, ortaq mədəni və tarixi dəyərlər, xalqlar arasında dostluq və qardaşlıq əlaqələri də sənəddə vurğulanan mühüm məqamlardandır. Bu baxımdan da Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında münasibətləri daha yüksək səviyyəyə qaldıran, əməkdaşlığın müxtəlif sahələrdə inkişafını nəzərdə tutan strateji sənəd kimi qiymətləndirilir və imzalandığı gündən etibarən bu istiqamətdə əlaqələrin genişlənməsinə töhfə verməkdədir.