Вернуться назад Распечатать

Masallı Rayon İcra Hakimiyyəti açıqlama yaydı

Masallı Rayon İcra Hakimiyyəti sosial şəbəkədə Masallı sakininin maşınını yandırması ilə bağlı videoya münasibət bildirib.

RİH-dən 1xeber.media-ya daxil olan açıqlamada deyilir:

“12.06.2026-cı il tarixdə “Azadlıq qəzeti”nin “Facebook” səhifəsində “Masallı sakini maşınını niyə yandırdı?” başlıqlı videomaterial yayımlanıb. Həmin materialda Masallı rayonunun Sığdaş kənd sakini 1983-cü il təvəllüdlü Şirxan Əliyevin 10 dəfə Masallı RİH başçısının qəbulunda olması, uşaqlarının xəstə olmasını və imkansızlığını nəzərə alaraq ona maddi köməklik göstərilməsini xahiş etməsi, lakin heç bir köməklik olmadığına görə çarəsizlik həddinə çataraq sonda etiraz əlaməti kimi avtomobilini yandırması barədə məlumat verilir. Bildiririk ki, videomaterialda gedən məlumatlar tam qərəzli və böhtan xarakterlidir və rayon icra hakimiyyətinin fəaliyyətinə kölgə salmaq məqsədi daşıyır. Vətəndaşın avtomobilini yandırmasının səbəbləri isə tam başqadır. Belə ki, Ş.Əliyev 2025-ci ilin mart ayında ona təyin olunmuş ünvanlı sosial yardımın adına avtomobil olduğuna görə dayandırılmasına etiraz əlaməti olaraq həmin “Opel” markalı avtomobili Masallı RİH binasının qarşısındakı meydanın giriş hissəsində yandırıb.

Vətəndaşa həmişə dövlət tərəfindən dəstək göstərilib, ona 2021-ci ildə özünüməşğulluq çərçivəsində Dövlət Məşğulluq Agentliyi tərəfindən 3 baş iri buynuzlu mal-qara verilib, müxtəlif vaxtlarda ailəyə Masallı RİH, icra nümayəndəliyi və bələdiyyə tərəfindən ümumilikdə 600 manat maddi köməkliklər edilib, ərzaq yardımları, beş nəfər məktəbli uşaqlarına məktəb çantası və dərs ləvazimatları verilib. Bununla yanaşı, Ş.Əliyev 2025-ci ilin mart ayından may ayınadək hər ay 663,34 manat sosial yardım alıb, həyat yoldaşına çoxuşaqlı ana kimi hər ay 840 manat məbləğində müavinət ödənilir.

Məlumat üçün bildiririk ki, psixoloji problemləri olan Ş.Əliyev 12.06.2025-ci il tarixində ünvanlı sosial yardımın dayandırılması ilə bağlı Masallı RİH başçısının Sığdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasının giriş qapısı və pəncərəsini qıraraq maddi ziyan vurub və Masallı Rayon Polis Şöbəsinə aparılaraq törətdiyi əmələ görə barəsində qanunamüvafiq tədbir görülüb.

Ş.Əliyevin Masallı Rayon İcra Hakimiyyətinin binasının yaxınlığındakı meydanda  maşınını yandırması məkrli xarakter daşıyır və onun ayrı-ayrı adamlar tərəfindən öyrədilməsi ehtimal olunur. Masallı rayon İcra Hakimiyyəti adına atılan böhtanları qətiyyətlə rədd edir və belə qərəzli məlumatları yayan şəxslərdən öz çirkin əməllərindən əl çəkmələrini tələb edir”.