Вернуться назад Распечатать

Məşhur iş adamı ilə vəkil arasındakı qalmaqal böyüyür: - "Heç bir vəkil mantiyası qanunsuzluğu gizlədə bilməz"

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov tanınmış vəkil Muxtar Mustafayevə qarşı bir sıra ittihamlar irəli sürüb. İlqar İsmayılov bildirib ki, Muxtar Mustafayev onu təhqir edib və hədələyib.

Vəkil Muxtar Mustafayev isə “vicdansız” ifadəsinin işlədilməsinin qanuna zidd olmadığını deyib və bununla bağlı mülki prosessual qanunvericilikdən sitat gətirib.

İlqar İsmayılov isəGununsesi.info   saytına açıqlamasında vəkilin bu fikirlərinə cavab verib:

“​Vəkil M. Mustafayevin mətbuata açıqlamasında mənə qarşı işlətdiyi ifadələrə Mülki Prosessual Məcəllənin maddələri ilə “bəraət” qazandırmaq cəhdi hüquqi savadsızlıq və manipulyasiyadır. Qanunvericilikdə nəzərdə tutulan “prosessual hüquqlardan vicdanla istifadə etmək” tələbi heç bir vəkilə proses iştirakçısının şəxsiyyətini təhqir etmək, ona “şərəfsiz” və ya “vicdansız” demək hüququ vermir. Hüquqi terminlər şəxsi aqressiyanı və etikadan kənar davranışları leqallaşdıra bilməz.

​Məhkəmə zalında hakim Əfsanə Heydərovaya qarşı göstərilən hörmətsizlik, ünvanıma səslənən ağır təhqirlər və qeyri-qanuni təhdidlər məhkəmənin rəsmi audio-video qeydlərində (protokolda) tam və aydın şəkildə həkk olunub.
​Vəkillik statusundan sui-istifadə edərək qanun və etika hüdudlarını aşan bu şəxsin hərəkətlərinə hüquqi qiymət verilməsi üçün yaxın günlərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına və aidiyyəti hüquq-mühafizə orqanlarına rəsmi müraciət olunacaq. Hər kəs qanun qarşısında cavabdehdir və heç bir vəkil mantiyası qanunsuzluğu gizlədə bilməz”.