“Bank BTB” ASC öz təşkilati-hüquqi formasını və adını dəyişdirərək “T-Kredit” MMC Bank Olmayan Kredit Təşkilatına (BOKT) çevrildiyini elan edib.
1xeber.media Report-a istinadla xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 5 mart 2026-cı il tarixli qərarına əsasən, mövcud qanunvericiliyə uyğun şəkildə “Bank BTB” ASC-nin müraciəti nəzərə alınaraq onun bank olmayan kredit təşkilatı formasında yenidən təşkil edilməsinə əvvəlcədən razılıq verilmişdi.
Bankın aktivləri və öhdəlikləri “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə (ABB) ötürülüb.
Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə təsis edilib. Bankın nizamnamə kapitalı 71,45 milyon manat təşkil edir. Bankın səhmlərinin 76,74 %-i Nigar Mehdiyevaya, 17,68 %-i Müşahidə Şurasının sədri Rza Sadiqə, 5,58 %-i isə Tükəzban Mahmudovaya aiddir.
Onu da qeyd edək ki, bu bankın PA-nın sabiq rəhbəri, hazırda hakimiyyəti zorla ələ keçirməyə görə ittiham olunan Ramiz Mehdiyev və ailə üzvlərinə məxsusluğu haqda mətbuatda dəfələrlə yazılıb.