1993-cü ilin 15 iyun tarixi - Milli Qurtuluş Günü xalqımızın dövlətçilik salnaməsində
dönüş nöqtəsi kimi mühüm önəm kəsb edir. Bu əlamətdar gün respublikamızda ictimai-siyasi
sabitliyin bərqərar olunması və gələcək inkişaf prioritetlərinin müəyyənləşdirilməsi baxımından
xüsusilə əhəmiyyətlidir. O dövrdə mürəkkəb proseslər fonunda ölkəmizin gələcəyi şübhə
altında idi. Məhz belə bir ağır şəraitdə Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası
dövlətçiliyin məhv olmaq təhlükəsinin qarşısını almış və misilsiz inkişaf yolunun təməlini
formalaşdırmışdır.
1969-1982-ci illərdə Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət
respublikanın sosial-iqtisadi yüksəlişində mühüm rol oynamışdır. Ümummilli Liderin ölkəmizə
rəhbərlik etdiyi illərdə xalqın rifahının yaxşılaşdırılması, milli maraqların qorunması və iqtisadi
potensialın gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Məqsədyönlü
siyasət nəticəsində sənaye müəssisələrinin fəaliyyəti genişləndirilmiş, yeni istehsal sahələri
yaradılmış, kənd təsərrüfatında məhsuldarlıq artmış və ölkəmizin iqtisadi imkanları əhəmiyyətli
dərəcədə möhkəmləndirilmişdir. Bununla yanaşı, elm, təhsil və mədəniyyət sahələrinə
göstərilən diqqət intellektual potensialın formalaşmasına və gələcək dövlət quruculuğu
prosesinə mühüm töhfə vermişdir. Minlərlə gəncin keçmiş ittifaqın nüfuzlu ali məktəblərində
təhsil almağa göndərilməsi gələcək inkişaf üçün güclü peşəkar kadr bazasının yaranmasına
şərait yaratmışdır. Ümummilli Liderin uzaqgörən siyasəti sonrakı illərdə müstəqil dövlət
quruculuğu prosesinə və dövlətçilik ənənələrinin möhkəmlənməsinə təkan vermişdir.
1990-cı illərin əvvəllərində respublikada ağır siyasi böhran hökm sürürdü. Ermənistanın
hərbi təcavüzü nəticəsində torpaqların işğala məruz qalması, bir milyondan artıq soydaşımızın
qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ölkədə vəziyyəti daha da ağırlaşdırmışdı. Eyni
zamanda, daxili qarşıdurmalar, hakimiyyət uğrunda mübarizə, separatizm meyilləri və
idarəetmədəki xaos dövlət müstəqilliyinə ciddi təhlükə yaradırdı. O dövrdə xalqın təkidli tələbi
ilə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkəmizin taleyində həlledici rol
oynadı. 1993-cü il iyunun 15-də Ümummilli Liderin Azərbaycan Ali Sovetinin sədri seçilməsi
dövlətçiliyin xilası və milli birliyin təmin olunması baxımından tarixi hadisəyə çevrildi. Məhz
buna görə də həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.
Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ilk növbədə
ölkəmizdə sabitliyin təmin olunması istiqamətində mühüm addımlar atıldı. Dövlət çevrilişi
cəhdlərinin qarşısı qətiyyətlə alındı, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, hüquq-
mühafizə orqanlarının fəaliyyəti gücləndirildi və dövlət idarəçiliyində vahid nəzarət sistemi
formalaşdırıldı. Cəmiyyətdə milli həmrəylik və vətəndaş birliyi möhkəmləndirildi, hüquqi dövlət
quruculuğu istiqamətində ardıcıl islahatlara başlanıldı. Ümummilli Lider Heydər Əliyev dövlət
quruculuğunun bütün istiqamətlərində sistemli siyasət həyata keçirdi. Məhz həmin sabitlik
sonrakı illərdə iqtisadi yüksəlişin, beynəlxalq nüfuzun artmasının və güclü dövlət modelinin
formalaşmasının əsasını təşkil etdi.
Ümummilli Liderin təşəbbüsü ilə 1994-cü il mayın 12-də Ermənistan ilə atəşkəs sazişi
imzalandı. Bununla yanaşı, iqtisadi dirçəliş və beynəlxalq əməkdaşlıq üçün əlverişli şərait
formalaşdı. Peşəkar və nizami ordunun yaradılması istiqamətində mühüm tədbirlər həyata
keçirildi, hərbi idarəetmə sistemi təkmilləşdirildi, şəxsi heyətin hazırlıq səviyyəsinin
artırılmasına xüsusi diqqət yetirildi. Sonrakı illərdə qazanılan tarixi qələbələrin əsasında da
məhz həmin dövrdə qoyulmuş güclü ordu quruculuğu siyasəti dayanırdı.
1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” beynəlxalq neft sazişi
ölkənin iqtisadi inkişafında yeni mərhələnin başlanğıcı oldu. Dünyanın aparıcı enerji şirkətləri
ilə imzalanan bu saziş dövlətimizin iqtisadi potensialını gücləndirməklə yanaşı, beynəlxalq
münasibətlər sistemində mövqeyini də əhəmiyyətli dərəcədə möhkəmləndirdi. Xarici
investisiyaların cəlb olunması, enerji layihələrinin həyata keçirilməsi və neft strategiyasının
formalaşdırılması ölkənin uzunmüddətli inkişaf konsepsiyasını müəyyənləşdirdi. “Əsrin
müqaviləsi” nəticəsində enerji resurslarının dünya bazarlarına çıxarılması təmin edildi, yeni
nəqliyyat və enerji marşrutları formalaşdı.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət
nəticəsində bazar iqtisadiyyatına keçid təmin olundu, sahibkarlığın inkişafı üçün əlverişli şərait
yaradıldı və geniş islahatlara başlanıldı. Məqsədyönlü tədbirlər iqtisadi sabitliyin
möhkəmlənməsinə, investisiya mühitinin yaxşılaşmasına və maliyyə imkanlarının
genişlənməsinə şərait yaratdı. Eyni zamanda, əhalinin sosial rifahının yüksəldilməsi, yeni iş
yerlərinin açılması, yoxsulluğun azaldılması, təhsil və səhiyyə sistemlərinin müasirləşdirilməsi,
habelə regionların inkişafı istiqamətində mühüm layihələr reallaşdırıldı. İnfrastrukturun
yenilənməsi, kənd təsərrüfatına dövlət dəstəyinin artırılması və insan kapitalının inkişafına
yönəlmiş tədbirlər ölkənin davamlı inkişafı üçün möhkəm zəmin formalaşdırdı və sonrakı illərin
uğurlu inkişaf strategiyasının əsasını təşkil etdi.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət strategiyası milli maraqların
qorunmasına, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə və ölkəmizin beynəlxalq
mövqeyinin gücləndirilməsinə hesablanmışdı. Müstəqilliyin ilk illərində mövcud olan mürəkkəb
geosiyasi şəraitə baxmayaraq, həyata keçirilən uzaqgörən və praqmatik diplomatik kurs
nəticəsində dövlətimiz beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınmağa
başladı. Balanslaşdırılmış xarici siyasət xətti müxtəlif dövlətlərlə qarşılıqlı hörmət və
bərabərhüquqlu əməkdaşlıq münasibətlərinin formalaşdırılmasına imkan yaratdı.
Beynəlxalq təşkilatlarla əlaqələrin inkişaf etdirilməsi, diplomatik münasibətlərin
genişləndirilməsi və milli maraqlara əsaslanan siyasi kursun həyata keçirilməsi ölkəmizin
beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verdi. Xarici siyasətdə milli maraqların prioritet
kimi müəyyən olunması dövlətimizin beynəlxalq arenada mövqelərinin möhkəmlənməsini
təmin etdi. Regional və qlobal layihələrdə fəal iştirak nəticəsində ölkəmiz beynəlxalq
əməkdaşlıq proseslərinin vacib aktorlarından birinə çevrildi.
Enerji və nəqliyyat layihələrinin uğurla reallaşdırılması da xarici siyasət strategiyasının
əsas istiqamətlərindən biri idi. Xəzər enerji resurslarının dünya bazarlarına çıxarılması,
beynəlxalq enerji marşrutlarının formalaşdırılması və mühüm nəqliyyat dəhlizlərinin
yaradılması ölkəmizin geostrateji əhəmiyyətini daha da artırdı. Bu siyasət nəticəsində
dövlətimiz regionda etibarlı tərəfdaş və mühüm tranzit mərkəzi kimi mövqeyini gücləndirdi.
Eyni zamanda, beynəlxalq iqtisadi əməkdaşlıq imkanları genişləndi, ölkəmizin siyasi və
iqtisadi nüfuzu əhəmiyyətli dərəcədə artdı.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Son illərdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində
dövlətimizin siyasi, iqtisadi və hərbi gücü daha da artıb, beynəlxalq mövqeyi əhəmiyyətli
dərəcədə möhkəmlənib. Xüsusilə 2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə edilən tarixi
Zəfər xalqımızın milli birlik və həmrəyliyinin parlaq nümunəsinə çevrilib. Prezident, Müzəffər Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz uzun illər işğal altında qalmış
torpaqları azad edib və tarixi ədalət bərpa olunub. Bu Qələbə xalqımızın milli qürur mənbəyinə
çevrilərək dövlətçilik tariximizin ən şanlı səhifələrindən biri olub.
2023-cü ildə həyata keçirilən birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində
isə ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam təmin olunub. Bununla da uzun illər
davam edən separatizmə son qoyulub və dövlət suverenliyi bütün ərazilərdə bərpa edilib. Bu
tarixi nailiyyətlər Ulu Öndərin əsasını qoyduğu güclü dövlətçilik siyasətinin, milli birlik
strategiyasının və ordu quruculuğu modelinin məntiqi nəticəsi kimi dəyərləndirilir. Bu gün azad
edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, “ağıllı şəhər” və “ağıllı
kənd” layihələri, müasir infrastrukturun yaradılması dövlətimizin qüdrətini və inkişaf
potensialını nümayiş etdirir.
Milli Qurtuluş Günü həm də bugünkü uğurların əsasını təşkil edən tarixi mərhələdir. 15
iyun xalqımızın xilası, dövlətçiliyimizin qorunması və gələcək inkişaf yolunun
müəyyənləşdirilməsi baxımından tarixi əhəmiyyətə malikdir. Ulu Öndər Heydər Əliyevin
xilaskarlıq missiyası nəticəsində formalaşan güclü dövlətçilik ənənələri bu gün də ölkəmizin
uğurlu gələcəyini təmin edən əsas amillərdən biri olaraq qalır. Milli Qurtuluşun yaratdığı siyasi
sabitlik, milli birlik və inkişaf strategiyası müasir uğurlarımızın fundamental əsasını təşkil edir
və gələcək nəsillər üçün mühüm dövlətçilik məktəbi kimi böyük əhəmiyyət daşıyır.
Afiq Ağayev,
H.Z.Tağıyev adına 7 saylı Sabirabad şəhər tam orta məktəbinin müəllimi