Вернуться назад Распечатать

Xuraman Muradova: Sətirlər içində min ömür yatır...

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü,

Türkiyə Yazarlar Birliyinin üzvü,

Özbəkistan Yazıçılar İttifaqının fəxri üzvü,

Türk Dünyası Araşdırmaları

Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru,

Əlişir Nəvai adına Daşkənd Dövlət Universitetinin fəxri professoru, Özbəkistan Respublikası Beynəlxalq Ədəbiyyat, Sənət, İctimai Fənlər Akademiyasının fəxri akademiki,

Türk dünyası “Onur” və “Altın yıldız” medallı,

"Humay" Milli Mükafatı laureatı,

Qırğızıstan Respublikası “Çingiz Aytmatov" adına medal sahibi,

Qırğızıstan Təhsil Nazirliyinin "Altın qələm" mükafatı laureatı,

"Vektor" Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru, 10 kitab, çoxsaylı şeirlər və mahnılar müəllifi, qəlbi vətən eşqi ilə döyünən, Türk dünyası sevdalı şairə, iş insanı, sahibkar, Bakıda VİP Milan hospitalın rəhbəri,hər zaman qazilərimizin,şəhid ailələrinin yanında olan və ən əsası bütün Türk dünyasında sevilən Xuraman Muradovadan 

Anar müəllimə ithaf

Hər ağaran saçın yazılı roman,

Hər sözün sevgiylə sabaha çatır.

Sən elə bir zirvə, elə bir ümman,

Sətirlər içində min ömür yatır.

"Beşmərtəbəli" nin pəncərəsindən,

Baxdıq bu şəhərə sənin gözünlə.

Keçdik ötən günün xatirəsindən,

Dərdləşdik ruhunun hər bir sözüylə.

Sən Dədə Qorqudu yaşadan adam...

Xalqın yaddaşında dəyər adısan...

"Ağ liman"da, "Yağışlı gecələr"də

"Təhminə" eşqində həsrət payısan...

Zaman gəlib keçər, söz isə qalar,

Ağ saçlar hikmətin gümüş naxışı.

Sənin hər cümləndə bir dünya olar,

Bu, bir sənətkarın xalqa baxışı.

Daha nə qocalıq, nə zaman deyək,

O gümüş tellərdə min bir sətir var.

Sən elə yazmısan — ölməzdir ürək,

Hər ağ saç ömürlük xatirə demək.

Sən elə imzasın — yaşadar zaman,

Sözün nuru hopub ağ tellərinə.

Hər ağaran saçın yazılı roman,

Əbədi töhfədir xalqa, elinə.

Güclü Qadınlar

Gözünün yaşını içinə tökər,

Dərd gəlsə, qarşıda dağ kimi çökər,

Kimsəsiz ömürdən bir naxış tikər,

Kölgəyə sığınmaz güclü qadınlar.

Qəlbi qırılsa da bildirməz, susar,

Tənha gecələrdə ahını udar,

Vəfalı yaşayar, əhdi ilə susar,

Səssizcə yox olar güclü qadınlar.

Sevgisiz dünyada tək qalsa belə,

Əyilməz hər əsən tufana, yelə.

Səssizcə gedərlər, dinmədən belə,

Çox da sevilməzlər güclü qadınlar.

Sirləri qəlbində bir sual qalar,

Çətinlik gəlsə də, məğrur dayanar,

Öz qürur nuruna bələnib yanar,

Gözü dolsa belə, güclü qadınlar.

Gəncliyin eşqini qəlbində daşır,

Dərdsiz bilər hamı, dərdiylə yaşar,

Zaman da gizlicə ömürdən qaçar,

Saçları ağarar güclü qadınlar.

Vəfa sınağında məğrur dayanar,

Sədaqət oduna bələnər, yanar,

Kənardan baxanlar bəxtəvər sanar,

Bilməzlər nə çəkir güclü qadınlar.

Nə gizli sevdadır, nə güclü dözüm,

Ləyaqət bəzəyi, vəfadır özüm.

Eşqini qəlbinə eyləyib dözüm,

Sirri ilə yaşayar güclü qadınlar.

Göz yaşı sel olub qəlbinə dolsa,

Gülüşü üzündə saralıb solsa,

Yolları fırtına, uçurum olsa,

Məğrurca addımlar güclü qadınlar.

Boylanıb uzağa xəyala dalar,

Solğun bir xatirə qəlbində qalar.

Nəsə xatırlayıb bəxtəvər olar,

Xəyalla xoşbəxtdir güclü qadınlar.

Əyilməz əzəmət, dağlar tək vüqar,

Məğrur duruşuyla Qalaya oxşar...

Başında çən-duman, saçlarında qar,

Tək-tənha qocalar güclü qadınlar...

“Sağ ikən qoruyun sevdiyinizi”

Həyat bir yarpaqdır, budaqda əsir,

Əcəl gəlib çatır, ümidlər itir.

Ölüm rüzgarları nəfəsi kəsir,

Sağ ikən qoruyun sevdiyinizi.

Zaman ruzigardır, sovrulur anlar,

Solur gülüstanlar, köçür insanlar.

Şəkillər qoxumur, ey canıyanlar,

Sağ ikən qoruyun sevdiyinizi.

Hicranın küləyi yandırıb yaxır,

Gözün son mənzili torpağa baxır.

Gözlərdən həsrətin leysanı axır,

Sağ ikən qoruyun sevdiyinizi.

Xuraman, canlar torpağa köçmədən,

Əcəl badəsini hələ içmədən,

Fələk aranızdan divar çəkmədən,

Sağ ikən qoruyun sevdiyinizi.

Yarım qalan hekayələr...

Nə bir vida cümləsi var, nə əlvida sədası,

Bir sükutun kölgəsində solub gedər sədası.

Gedənlərdə bəlli deyil, varmı dönüş sədası,

Qalanların gözlərində itər ümid sevdası,

Sakitcə boynunu bükər yarımçıq hekayələr.

Baxışlar var — son sözündən daha ağır, daha lal,

Dodaqlarda düyünlənər cavabsız bir tək sual.

Nə bir “gülə-gülə” gedən, nə “xoşça qal” deyən var,

Yarı yolda tənha qalan fəsillər var, illər var,

Həsrətlə göz yaşı tökər yarımçıq hekayələr.

Bir qurumuş gül dayanıb xatirəmin küncündə,

Bir zamanlar sənlə gəlmiş mənimlə görüşündə.

İndi o da bağ-bağçasız, o da sakit, sahibsiz,

Keçib gedən durnalar tək səssiz, kimsəsiz, izsiz,

Hər baxanda qəhər çökər yarımçıq hekayələr.

Xuraman da söylər, onsuz, ömür keçər bir təhər,

Hər gecənin arxasında gizlənibdir bir səhər.

Amma bəzi ayrılıqlar nə başlar, nə də bitər,

Nə gedəni yola salar, nə qalanı ovudar,

Sükut ilə ömrə çökər yarımçıq hekayələr…

Təvəkkül eylə

Sınarmış yarpağı rüzgâr, edərmiş insanı səbr imtahan,

Bu fani daxilin hər bir anında gizlidir sirri-bəyan.

Açarsan ən gözəl gül tək, nə bilsin qədrini nadan,

Səni bəzən ucuz eylər qəlbi sevməkdən uzaq insan.

Haman Qüdrətdir, ey can, həm səni var eyləyən, sınayan,

O Xaliqdir qəmi dildən silib, hikmətlə ovudan.

Biləsən, hər nə gəlsə başa, Allahdır o tək Sultan,

Üzülmə, dəyməz heç bir şeyə bu cahanda ah-fəğan.

Yazılmış qismətin zərrəcə zərrə, eyləmə şübhə,

Təvəkkül eylə sən Haqqa, sığın bircə o uca Rəbbə.