Вернуться назад Распечатать

Keçmiş nazirdən Hidayət Orucovla bağlı maraqlı XATİRƏ: “İlk zəng edənlərdən biri…”

“Görkəmli dövlət xadimi, gözəl qələm sahibi Hidayət Orucovla atam bir müddət “Sovet Ermənistanı” qəzetində birgə işləmişdilər”.

1xeber.media  xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin keçmiş müavini, sabiq kənd təsərrüfatı naziri İsmət Abasov ötən gecə vəfat edən tanınmış dövlət xadimi, yazıçı-dramaturq Hidayət Orucovla bağlı xatirələrini bölüşərkən deyib. 

O, H.Orucovu hələ uşaq yaşlarından tanıdğını bildirib. 

“Hidayət müəllim Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru işlədiyi dövrdə bizim evimizdə, teatrda və başqa yerlərdə vaxtaşırı görüşürdük.

O, Meğridən İrəvana gənc yaşlarında gəlmişdi. Bu şəhərdə yaşayan azərbaycanlılar arasında çox qısa zamanda böyük nüfuz qazandı. Hamı ona hörmətlə yanaşırdı. 

İrəvan Dövlət Azərbaycan Dram Teatrında həftədə bir dəfə tamaşa səhnəyə qoyulurdu. Teatr evimizin yanında yerləşirdi, bütün tamaşalarına baxmağa gedirdim. Zal hər zaman dolu olurdu.   

Sonra Bakıda da əlaqələrimiz davam etdi, zəngləşirdik, görüşürdük, dərdləşirdik. Kənd təsərrüfatı nazirinin birinci müavini təyin olunanda məni ilk təbrik edənlərdən biri Hidayət müəllim oldu. Sonrakı dövrlərdə də səmimi, qarşılıqlı hörmətə əsaslanan əlaqələrimiz davam edirdi.

Hidayət Orucov Ulu Öndər Heydər Əliyevə, onun ideya və yoluna, cənab Prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyə sadiq, savadlı, görkəmli dövlət xadimi, diplomat, gözəl yazıçı-dramaturq, publisist, tərcüməçi idi. Onun vəfatı Azərbaycan üçün ağır itkidir. Amma bizlərin bir təsəllisi var ki, Hidayət müəllim böyük bir irs qoyub gedir. Onun irsi, əziz xatirəsi bizlərin ürəyində daim yaşayacaqdır”.

Qeyd edək ki, Hidayət Xuduş oğlu Orucov 1944-cü il sentyabrın 5-də Qərbi Azərbaycan Meğri rayonunun Maralzəmi kəndində anadan olub.  Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib.

Bir müddət kənddə müəllim, "Sovet Ermənistanı" qəzetində ədəbi işçi işləyib, 1968-ci ilin iyul ayında C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru təyin olunub, fasiləsiz olaraq on altı il Azərbaycanın bu qədim sənət ocağına başçılıq edib.

Ədəbi mühitdə Hidayət adı ilə tanınan yazıçı, eyni zamanda, Ermənistan Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı Şurasına rəhbərlik edib, İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində XIX–XX əsr Azərbaycan ədəbiyyatından dərs deyib. Onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həmin dövrdə təkcə İrəvanın deyil, indi Ermənistan adlandırılan Oğuz ellərinin milli ədəbi-mədəni mühitində canlanma yaranıb, Qərbi Azərbaycanda onlarla şair və nasirlərin kitabları İrəvanda işıq üzü görüb, "Ədəbi Ermənistan" məcmuəsi nəşr olunub.

Hidayət Orucov Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1991) adına layiq görülüb. O, Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri (2012–2021), Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (2006–2012), Azərbaycan Respublikası Milli siyasət məsələləri üzrə Dövlət müşaviri (1993–2005), Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri (1992–1993), İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru (1968–1984) kimi fəaliyyət göstərib.

O, iyunun 13-də Türkiyənin İstanbul şəhərində, ömrünün 82-ci ilində vəfat edib. Onun cənazəsi Azərbaycana gətiriləcək və Bakıda dəfn olunacaq. 

Ailəli idi, üç övladı var.