Вернуться назад Распечатать

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi

Müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin  indiki və gələcək nəsillərə əmanəti,
onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. 1993-2003-cü illərdə Azərbaycanın sürətli
inkişafı bugünkü reallıqların bünövrəsidir. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf
yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial
mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu.
Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır. Bütün həyatını
canından artıq sevdiyi xalqına, Vətəninə həsr etmiş müdrik dövlət xadimi Ulu Öndər Heydər Əliyevin
adı tariximizə  müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi yazılıb. 1993-cü ilin 15 iyun
tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya
miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini
tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin
geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi
parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi.
Ümummilli Lider Heydər Əliyev bu çağırışı etmişdir: “Mənim həyatım da, fəaliyyətim də yalnız
və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən
çıxmasına həsr olunacaqdır”. Dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə
 hakimiyyətə qayıdışından sonra ilk olaraq  ölkədə sabitliyin yaradılmasına diqqət göstərdi. Bildirdi ki,
sabitlik olmadan heç bir sosial-iqtisadi layihənin icrasından danışmaq mümkün deyil. Azərbaycan
Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində qısa müddətdə sabitlik məkanına
çevrildi. 1994-cü ilin 12 may tarixində Ulu Öndərin səyləri nəticəsində Ermənistanla atəşkəs sazişinin
imzalanması Azərbaycanın bütün sahələrdə inkişafına yol açdı.  Elə həmin ilin 20 sentyabr tarixində
Ulu Öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində “Əsrin müqaviləsi” imzalandı. Azərbaycan
xalqının ən böyük arzularından biri öz təbii sərvətlərinin əsl sahibinə çevrilmək idi. Ulu Öndər xalqın bu
istəyini reallaşdırmaqla yanaşı, bu sərvətdən  səmərəli istifadəni təmin edərək  həm ölkəmizi daha da
gücləndirdi, qüdrətləndirdi, həm də xalqın sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm
addımlar atdı. Ulu Öndər neftin xalqın ən böyük sərvəti, yalnız indiki deyil, gələcək nəsillərə də mənsub
olduğunu önə çəkərək Azərbaycanın bugününə və gələcəyinə xidmət edən neft strategiyasını
müəyyənləşdirdi.
1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən yeni Konstitusiya qəbul
olundu. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması,
hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə
dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi
üçün mühüm qanunvericilik bazası rolunu oynadı. Ümummilli Liderin  düşünülmüş və gələcəyə
hesablanmış siyasəti nəticəsində Azərbaycan bütün sahələrdə davamlı inkişafa nail oldu. Xalqımızı
vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, Azərbaycanın
çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq
məkanı kimi geniş şöhrət qazanması Ulu Öndər Heydər Əliyevin mükəmməl quruculuq proqramının
tərkib hissələri kimi müəyyənləşdirildi.
Nizami ordu yaradıldı, uğurlu xarici siyasətin nəticəsi olaraq Azərbaycanın müxtəlif dövlətlərlə 
istər ikitərfli, istərsə də beynəlxalq təşkilatlar daxilində əlaqələri yuksələn xətlə inkişaf etdi. 15 iyun
1993-cü ildən başlanan inkişaf, tərəqqi yolu Azərbaycanın yeni-yeni hədəflərə doğru inamla
addımlamasını şərtləndirir. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Prezident
İlham Əliyev Onun bu arzusunu gerçəkləşdirdi. Hazırda tarixi Zəfəri, ərazi bütövlüyünün və
suverenliyinin tam bərpası  ilə regionda, dünya siyasətində yeniliklər yaradan Azərbaycan Prezident
İlham Əliyevin rəhbərliyi ilə daha da qüdrətlənir, beynəlxalq münasibətlər sistemində mövqeyini
möhkəmləndirir,  söz sahibliyini artırır. Azərbaycan dünyaya sülh təcrübəsini təqdim edir. Xalqımız
əmindir ki, Heydər Əliyev yolu bundan sonra da Azərbaycana möhtəşəm uğurlar qazandıracaq. 
Müslüm Rzayev,
Sabirabad RİHB aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi, Müharibə
iştirakçıları və Şəhid ailələri ilə işin təşkili sektoru, şöbə müdirinin müavini-sektor
müdiri