Вернуться назад Распечатать

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin hüquqi-siyasi əsasını təşkil edən ən mühüm sənədlərdən biri hesab olunur

2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycanın mədəniyyət
paytaxtı olan Şuşa şəhərində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında
müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanmışdır. Bu mühüm sənəd
Azərbaycan-Türkiyə münasibətlərinin tarixində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, iki
qardaş ölkə arasında strateji tərəfdaşlığın müttəfiqlik səviyyəsinə yüksəldiyini təsdiq etmişdir.
Şuşa Bəyannaməsinin məhz Şuşa şəhərində imzalanması böyük rəmzi məna daşıyır.
Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən sonra azad edilmiş
Şuşada imzalanan bu sənəd ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasının
beynəlxalq müstəvidə təsdiqinin göstəricisi olmuşdur. Bəyannamə eyni zamanda regionda
sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edən mühüm siyasi sənəd
kimi tarixə düşmüşdür.
Sənəddə siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar, təhsil, mədəniyyət və müdafiə
sahələrində əməkdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulur. Xüsusilə müdafiə və
təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq iki dövlətin milli maraqlarının qorunmasına, regionda
sabitliyin təmin edilməsinə mühüm töhfə verir. Bəyannamədə tərəflərin bir-birinin
müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına qarşı
yönələn təhdid və ya təcavüz hallarında qarşılıqlı məsləhətləşmələr aparacağı və birgə
fəaliyyət göstərəcəyi vurğulanır.
Şuşa Bəyannaməsi iqtisadi əlaqələrin inkişafı baxımından da böyük əhəmiyyətə
malikdir. Sənəddə ticarət dövriyyəsinin artırılması, investisiya layihələrinin genişləndirilməsi,
enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və nəqliyyat-kommunikasiya layihələrinin həyata
keçirilməsi əsas istiqamətlər kimi müəyyən edilmişdir. Bu əməkdaşlıq həm Azərbaycan və
Türkiyənin iqtisadi inkişafına, həm də regionun tranzit və logistika imkanlarının genişlənməsinə
xidmət edir.
Bəyannamədə Türk dünyasının birliyi məsələsinə də xüsusi diqqət yetirilmişdir.
Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq münasibətləri ortaq tarixə, dilə,
mədəniyyətə və milli-mənəvi dəyərlərə əsaslanır. Şuşa Bəyannaməsi bu birliyin daha da
möhkəmlənməsinə, Türk dövlətləri arasında əməkdaşlığın genişlənməsinə və ortaq layihələrin
həyata keçirilməsinə əlavə stimul vermişdir.
Bu gün Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin hüquqi-siyasi əsasını
təşkil edən ən mühüm sənədlərdən biri hesab olunur. Bəyannamə iki qardaş ölkənin “Bir
millət, iki dövlət” prinsipinə sadiqliyini bir daha nümayiş etdirərək, gələcək əməkdaşlıq üçün
möhkəm zəmin yaratmışdır. Bu sənəd təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütövlükdə
regionun təhlükəsizliyi, inkişafı və rifahı baxımından mühüm əhəmiyyət daşıyır.
Anar Xəlilov,
Sabirabad RİHB aparatının Ərazi-təşkilat məsələləri sektorunun baş məsləhətçisi