Вернуться назад Распечатать

"Azərbaycan innovasiya sahəsində öz potensialı olan yerdə deyil" - Nazir müavini

"Rəqəmsal infrastrukturla yanaşı, bu innovasiyaları dəstəkləyən institusional mühit də daim inkişaf etdirmək tələb olunur. Əks halda dünya çox sürətlə dəyişir və rəqabətdə ölkəmiz geri qala bilər. Bu gün ona görə də məqsəd texnologiya şirkətləri üçün Azərbaycana köçmək, Azərbaycana investisiya yatırmaq üçün hüquqi və iqtisadi mexanizmləri artırmaq lazımdır".

1xeber.media xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov deyib.

"Bizim yanaşmamız bundan ibarətdir və bu gün burada müzakirəyə təqdim olunan layihələrin əsas məqsədi məhz budur - innovasiya əsaslı iqtisadiyyata keçidin hüquqi, iqtisadi və institusional əsaslarını formalaşdırmaq. Azərbaycan innovasiya sahəsində öz potensialı olan yerdə deyil. Bizim ölkəmiz bundan qat-qat artıqına layiqdir və bacarar. Bu baxımdan boşluqların və çatışmazlıqların müəyyən edilməsi üçün analiz və diaqnostika aparılıb. Hazırkı qanunvericilikdə startaplar üçün əsas maliyyələşmə alətləri qrantlar və bank kreditləridir. Lakin bunların heç biri startaplar üçün dayanıqlı və davamlı maliyyə mənbəyi hesab edilmir. Biz nazirlik olaraq hesab edirik ki, əsas funksiyalarımızdan biri ölkədə elə bir mühitin yaradılmasıdır ki, investorlar və yüksək ixtisaslı kadrlar Azərbaycanı özləri üçün hədəf ölkə kimi seçsinlər. Qlobal bazarda artıq ölkələr yalnız öz resurslarını qorumaq üçün deyil, eyni zamanda kapital və istedad uğrunda rəqabət aparırlar", - deyə nazir müavini bildirib.

R.Həsənov qeyd edib ki, bu gün vergi, miqrasiya və dövlət satınalmaları qaydaları baxımından vəziyyət elədir ki, texnologiya şirkətlərinin Azərbaycanda fəaliyyət qurması, investisiya yatırması və ya mütəxəssis cəlb etməsi kifayət qədər cəlbedici deyil:

"Bu baxımdan, qlobal miqyasda istedad və kapital uğrunda rəqabət apardığımız bir şəraitdə təklif edilən qanunvericilik paketi Azərbaycanın mövqeyinin gücləndirilməsinə xidmət edir. Bu istiqamətdə rəqəmsal texnologiyalar, süni intellekt və kibertəhlükəsizlik məhsullarının hazırlanması sahəsində fəaliyyət göstərən şəxslər üçün uzunmüddətli vergi və gömrük təşviqləri nəzərdə tutulur".