"Kraudfandinq hazırda dünyada kütləvi sərmayə cəlb etmək üçün əsas alətlərdən birinə çevrilməkdədir. Qlobal kraudfandinq bazarının dövriyyəsi ilə bağlı fərqli rəqəmlər təqdim olunsa da, təxmini kapital həcminin 20 milyard dollardan çox olduğu bildirilir. Daha çox P2P prinsipi əsasında sərmayənin cəlbini reallaşdıran platformalar qlobal və regional layihələrin maliyyələşdirilməsini həyata keçirirlər".
1xeber.media xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanan “Kraudfandinq haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.
O bildirib ki, ənənəvi mükafatlandırma və ianə kampaniyaları qlobal ümumi kapital həcminin təxminin 1 faizini təşkil edir: "Kraudfandinq üsullarına gəldikdə isə səhm əsaslı, borc əsaslı, blokçeyn əsaslı və digərlərini qeyd etmək lazımdır. Qlobal olaraq kraudfandinqin son istifadəçiləri startuplar, QHT-lər və fərdlər hesab edilsə də, müzakirə etdiyimiz qanun layihəsi birbaşa iqtisadi fəaliyyət subyektlərinə, xüsusilə də startaplara, mikro, kiçik və orta sahibkarlara ünvanlanır. Yəni, kraundfandiqin ənənəvi fəlsəfəsində nəzərdə tutulan benefisiarların bir qismi, o cümlədən QHT-lər və fərdlər qanun layihəsinin məqsədlərində ayrıca qeyd edilməyib. İnkişaf etmiş ölkələrin əksəriyyətində kraudfandiq fəaliyyəti xüsusi qanun ilə deyil, aktlar və ya qaydalar ilə tənzimlənir. Yəni, bu fəaliyyətin ciddi institutsionallaşması həyata keçirilmir. Müzakirə etdiyimiz qanun layihəsində isə xüsusi qaydalar və eləcə də reyster sisteminin yaradılması təklif edilir. Əslində, kraudfandiqin fəlsəfəsi daha sadə metodlar ilə daha çox vətəndaşdan sərmayə və ya ianənin cəlb edilməsidir. Bu sərmayə cəlbində operatorların fəaliyyəti olduqca vacib isitqamətdir. Layihəyə əsasən, operatorun nizamnamə kapitalı və məcmu kapitalı Mərkəzi Bankın müəyyən etdiyi minimum miqdardan az olmamalıdır. Nizamnamə kapitalının formalaşdırılması və məcmu kapitalın hesablanması qaydası, habelə strukturu və tərkibi Mərkəzi Bank tərəfindən müəyyən edilir. Daha məqsədəuyğun olardı ki, nizamnamə kapitalının formalaşdırılması və məcmu kapitalın məbləği ilə bağlı qanun layihəsinə konkret meyarlar müəyyənləşsin ki, qaydalar məhz həmin indikatorlar əsasında hazırlansın.
Operatorun idarəetmə funksiyalarını yerinə yetirən şəxsləri üçün əsas tələblərdən biri və əslində, layihəyə əsasən, birincisi ali təhsilli olmasıdır. Amma hazırda xeyili sayda nəinki qlobal kraudfandinq, hətta iri sərmayə şirkətləri var ki, onların sahiblərinin ali təhsilləri yoxdur. Bazar kapital dəyəri hazırda 2,90 trilyon dollar olan "Microsoft" şirkətinin yarıdıcısı Bill Gatesin universitet diplomu yoxdur, amma kiçik məbləğdə sərmayələri cəlb edəcək operatoru idarə edəcək şəxslər üçün layihə ilə belə tələb müəyyənləşdiririk. Bu baxımdan, ənənəvi tələblərdən daha çox innovativ və keyfiyyət meyarlarının tətbiqi vacibdir. Aydındır ki, ənənəvi yanaşmalar ilə sərmayə bazarında müasir mexanizmləri tətbiq etmək heç də asan deyil. Digər tələb operatorun idarəetmə funksiyalarını yerinə yetirən şəxslərin azı biri Mərkəzi Bank tərəfindən tənzimlənən və nəzarət olunan maliyyə xidmətlərinin göstərildiyi fəaliyyət sahələrində 3 illik iş təcrübəsinə malik olmasıdır. Dünya praktikalarında belə tələblərə çox nadir hallarda rast gəlinir. Məgər, digər iqtisadi fəaliyyət ilə məşğul olanlar bu işə cəlb oluna bilməzlər? Artıq virtuallaşan dünyada iqtisadi sektorlar arasında sərhədlər də itməkdədir. Qanun layihəsinə əsasən, reyestrdə qeydiyyat üçün müraciətə təqdim edildiyi tarixdən 90 gün ərzində baxılır. Elektonlaşmanın ciddi şəkildə inkişaf etdiyi və informasiyaların inteqrasiya olunduğu ölkəmizdə bir müraciətə 3 ay müddətində baxılması nə ilə əsaslandırılır? Düşünürəm ki, bu müddətin ciddi şəkildə azaldılmasına ehtiyac var. Borc əsaslı kraudfandinq beynəlxalq praktikada artıq sadəcə onlayn formada vəsaitlərin cəlbini nəzərdə tutur. O baxımdan qanun layihəsində bu metodun onlayn formada nəzərdə tutulmasının qeyd edilməsinə ehtiyac var".