Havaların kəskin istiləşməsi ilə paytaxtın ictimai nəqliyyatında sərnişin narazılığı artıb. Xüsusilə avtobuslarda kondisionerlərin işlədilməməsi və ya məhdud şəkildə istifadəsi ciddi narazılıq yaradır.
1xeber.media bildirir ki, sərnişinlər bir çox avtobuslarda pəncərələr bağlı saxlanılır, lakin kondisioner sistemləri ya ümumiyyətlə işə salınmır, ya da yalnız müəyyən vaxtlarda aktiv edilir. Bu vəziyyət isə sıxlıq olan saatlarda vəziyyəti daha da çətinləşdirir.
Sərnişinlər bildirir ki, bəzi hallarda sürücülər kondisionerin işləməməsinə etiraz edən sərnişinlərə “rəhbərlik icazə vermir” və ya “hələ yay rejiminə keçilməyib” kimi cavablar verir.
Sosial şəbəkələrdə yayılan narazılıqlarda bu sual tez-tez gündəmə gəlir: kondisioner sistemlərinin idarə olunması birbaşa sürücülərin qərarıdır, yoxsa daşıyıcı şirkətin daxili qaydaları ilə tənzimlənir?
Digər tərəfdən, bəzi sürücülər bildirir ki, tapşırıq verilib ki, kondisionerlər yalnız sərnişin sayı çox olduqca yandırılsın, az olduqda isə söndürülsün. Sərnişinlər bunu “qənaət məqsədi ilə komfortun ikinci plana atılması” kimi qiymətləndirirlər.
Məsələ ilə bağlı rəsmi qurumlar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və BakuBus MMC tərəfindən isə indiyə qədər geniş açıqlama verilməyib.
Bizimesr.com