Вернуться назад Распечатать

"Temu bağlamaları açılır, içindəkilər yoxa çıxır" - Vətəndaşlar Gömrükdən və Limakdan araşdırma tələb edir

Son günlər onlayn alış-veriş platforması Temu üzərindən sifariş edilən bağlamalarla bağlı sosial şəbəkələrdə ciddi narazılıqlar yayılıb. Vətəndaşlar iddia edirlər ki, sifariş etdikləri məhsullar kargo prosesində natamam çatdırılır və bəzi əşyalar yoxa çıxır.

Sosial şəbəkələrdə yayılan iddialarda və videogörüntülərdə qeyd olunur ki, bəzi bağlamalar açılmış vəziyyətdə, skoçlanmış şəkildə ünvan sahiblərinə təqdim olunur. İddialarda qeyd olunur ki, bir neçə məhsuldan ibarət sifarişlərdə yalnız qism hissə alıcıya çatdırılır.

Bir vətəndaşın sözlərinə görə, 5 məhsuldan ibarət sifarişdə yalnız 2 məhsul təhvil alınıb, digər 3 məhsul isə çatdırılma zamanı yoxdur. Onun bildirdiyinə əsasən, təqdim edilən videoda da yalnız iki məhsulun qablaşdırmadan çıxarıldığı görünür.

Müştərilər məsələ ilə bağlı kargo şirkətini "Limak"-ı günahlandırsa da, cavab olaraq “biz yalnız çatdırırıq, məsuliyyət bizdə deyil, Temu ilə əlaqə saxlayın” tipli izahatlar verildiyini bildirirlər. Digər tərəfdən, platforma isə sifarişlərin tam göndərildiyini və məsuliyyətin çatdırılma zəncirində olduğunu qeyd edir.

Bu qarşılıqlı ittihamlar fonunda vətəndaşlar həm kargo şirkətlərindən, həm də Gömrük Komitəsindən araşdırıma tələb edirlər. Xüsusilə Limak.az kimi beynəlxalq bağlama daşımalarını həyata keçirən operatorlarun fəaliyyətindən narazılıq səngimir.

İddialar arasında bağlamaların kargo məntəqələrində açılması və içərisindən bəzi məhsulların çıxarılması kimi ciddi şübhələr də yer alır. Bu isə sosial mediada “Temudan gələn mallar harada yoxa çıxır?” sualını gündəmə gətirib.

Vətəndaşlar məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən də araşdırma aparılmasını tələb edirlər. Onların fikrincə, həm çatdırılma şirkətləri, həm də nəzarət orqanları prosesin hər mərhələsində məsuliyyət daşımalıdır.