İyunun 17-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov növbəti səyyar görüş-qəbulunu ucqar dağ kəndləri olan Biləsər, Ələzəpin, Seliqavol və Vıy kəndlərinin sakinləri ilə keçirib.
1xeber.media xəbər verir ki, səyyar görüş-qəbulda şəhər İcra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər.
Ötən səyyar görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli sakinlərə məlumat verən icra başçısı bütün məsələlərin şəxsi nəzarətində olduğunu bildirib. Onun sözlərinə görə, vətəndaşların sosial-iqtisadi vəziyyətlərinin öyrənilməsi, fikir və təkliflərinin dinlənilməsi, müraciətlərinə baxılması üçün məmur və vətəndaş arasındakı birbaşa dialoq mühitinin inkişaf etdirilməsi demoktarik dəyərlərin, habelə vətəndaş cəmiyyətinin tərəqqisi baxımından mühüm əhəmiyyət kəsb edir.
Kənd təsərrüfatının inkişafına dair 2026-2030-cu illər üçün qəbul olunan Dövlət Proqramı barədə məlumat verən Taleh Qaraşov bu istiqamətdə fermer və sahibkarlara əhəmiyyətli dərəcədə güzəştlər paketinin tətbiq olunacağını vurğulayıb. Cənab Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət ayırdığını bildirən icra başçısı hər sahə üzrə konkret hədəflərin müəyyən olunduğunu, buna uyğun olaraq yerlərdə istifadəsiz qalan və əkinə yararlı torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunmasının vacibliyini qeyd edib.
Yerli sakinlər tərəfindən qaldırılan məsələləri dinləyən Taleh Qaraşov obyektiv şəkildə qaldırılan və şəhər İcra hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan bütün məsələlərin yerindəcə həllindən ötrü müvafiq göstərişlər verib, yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlərin həlli ilə bağlı aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlər olunmasını səlahiyyətli şəxslərə tapşırıb.
Biləsər, Ələzəpin, Seliqavol və Vıy kəndlərinin sakinləri vətəndaşla məmurlar arasındakı birbaşa dialoq mühitinin inkişafına, onların qayğı və problemlərinin həllinə yönəlik çevik addımların atılmasına, qaldırdıqları məsələlərə operativ və obyektiv yanaşmanın ortaya qoyulmasına görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər.