Abşeron rayonu ərazisində yerləşən nəqliyyat vasitələrinin utilizasiyası məntəqəsinə mediatur təşkil olunub.
1xeber.media xəbər verir ki, ölkəmizdə hər il istismar olunan çox sayda nəqliyyat vasitəsi köhnəlmə və yol-nəqliyyat hadisələri nəticəsində istifadəyə yararsız hala düşür.
Statistik göstəricilərə əsasən, hazırda respublikada hər beş avtomobildən biri ekoloji və təhlükəsizlik standartlarına cavab vermir.
Bunu nəzərə alaraq, "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı"na əsasən Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanmış, həmçinin proqramın tətbiqi ilə əlaqədar ümumilikdə 10-dan çox qanunvericilik aktına dəyişiklik və əlavələr edilib.
"Tullantılar haqqında" Azərbaycan Respublikasının Qanununun uyğun olaraq, ötən müddət ərzində "Təmiz Şəhər" ASC tərəfindən utilizatorların reyestrdə qeydiyyatı üçün tədbirlər görülüb.
Utilizator fəaliyyəti üzrə nəzərdə tutulan tələblərə cavab verən 4 utilizator (Bakıda, Abşeron rayonunda, Sumqayıtda və Gəncədə) reyestrdə qeydiyyata alınaraq istismar müddəti başa çatan, eləcə də istifadəyə yararsız nəqliyyat vasitələrinin qəbuluna başlanıb.
Qeyd olunub ki, nəqliyyat vasitələrinin utilizasiyaya təqdim olunmasını asanlaşdırmaq məqsədilə elektron portal istifadəyə verilib.
Mövcud tələblərə əsasən, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilən qaydada əvvəlcə nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Daha sonra zəruri məlumatlar istifadəyə verilmiş www.nvu.gov.az elektron portalına daxil edilərək, ərizəçiyə göndərilən elektron məlumat əsasında nəqliyyat vasitəsi qəbul məntəqəsinə təhvil verilməlidir.
Nəqliyyat vasitəsi utilizasiyaya təqdim edildikdən sonra onu utilizatora təhvil verən şəxsə təsdiqedici sənəd təqdim edilir. Həmin sənəd əsasında birdəfəlik ödəniş və ya yerli istehsal yeni nəqliyyat vasitəsi almaq üçün güzəşt almaq mümkündür.