Вернуться назад Распечатать

“Danışır təcrübə” layihəsinin növbəti görüşündə insan potensialının qiymətləndirilməsindən danışılıb

Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Danışır təcrübə” layihəsinin XI görüşü keçirilib. Budəfəki görüşün qonağı Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə olub.

Nazirlikdən 1xeber.media-ya bildirilib ki, görüş çərçivəsində Məleykə Abbaszadə “İnsan potensialının qiymətləndirilməsi və dəyişikliklərə adaptasiya” mövzusunda çıxış edib. O, müasir dövrdə insan potensialının müəyyənləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində tətbiq olunan yanaşmalar, istedadın aşkarlanması mexanizmləri, eləcə də qiymətləndirmə sistemlərinin cəmiyyətin dəyişən tələblərinə uyğunlaşdırılması məsələlərindən bəhs edib. Çıxışda süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə qiymətləndirmənin gələcəyi, insan faktorunun əhəmiyyəti və texnologiyalarla insan təfəkkürü arasında balansın qorunması kimi məsələlər də diqqətə çatdırılıb.

Məleykə Abbaszadə həmçinin qiymətləndirmə sistemlərinin gələcək inkişaf istiqamətləri, beynəlxalq təcrübədə tətbiq olunan innovativ yanaşmalar və qlobal tendensiyalar barədə fikirlərini iştirakçılarla bölüşüb.

Görüş interaktiv müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, “Danışır təcrübə” layihəsi Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilir. Layihə çərçivəsində keçirilən görüşlər əməkdaşların davamlı inkişafının təmin edilməsinə, liderlik və idarəetmə bacarıqlarının artırılmasına, eləcə də müasir çağırışlara uyğun kadr potensialının formalaşdırılmasına xidmət edir.