Вернуться назад Распечатать

"Boşanmaya səbəblərdən biri iqtisadi çətinliklərdir"

Azərbaycanda boşanma statistikası narahatedici olaraq qalır. Rəsmi rəqəmlərə görə, bu ilin ilk 4 ayında ölkədə 6 443 boşanma qeydə alınıb. Bu isə orta hesabla gündə 53 ailənin dağılması deməkdir. Mütəxəssislər boşanmaların artmasını müxtəlif sosial, psixoloji və iqtisadi amillərlə əlaqələndirirlər. Bəs ailə institutunun zəifləməsinə səbəb olan əsas faktorlar hansılardır və bu tendensiyanın qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Məsələ ilə bağlı sosioloq Naib Niftəliyev Demokrat.az-a bildirib ki, 6443 rəqəmi, yəni statistik göstərici olaraq 4 ay ərzində bu qədər boşanmanın qeydə alınması Azərbaycan üçün kifayət qədər ağır və narahatedici mənzərə yaradır:

“Əgər bu tendensiya ilin sonunadək eyni templə davam etsə, boşanmaların sayının 25 mini keçməsi mümkündür. Bu isə qurulan ailələrin sayının artıq yarısından çoxuna bərabər göstəricidir. Son rəqəmlərə görə bu nisbət 60 faizdən yuxarıdır və bu, Azərbaycan cəmiyyətinin mental dəyərləri, ailə modeli və gələcəyi baxımından ürəkaçan statistika deyil. Səbəblər isə ümumilikdə bəllidir. Sosioloqların və psixoloqların da vurğuladığı kimi, əsas amillərdən biri iqtisadi çətinliklərdir. İnsanlar gündəlik dolanışıq, təsərrüfat qayğıları və qazanc problemləri ilə daha çox məşğul olduqları üçün ailədaxili gərginlik artır. Bu vəziyyətdə bir çox insan problemlərlə mübarizə aparmaq əvəzinə fərdi azadlığa və şəxsi seçimlərinə üstünlük verməyə başlayır. Lakin məsələ təkcə iqtisadi amillərlə məhdudlaşmır. Ailə institutunun zəifləməsinə təsir edən amillər çoxşaxəli və mürəkkəbdir. Psixoloji mühit, qloballaşma, yeni texnologiyaların yaratdığı texnogen təsirlər, informasiya stresi və gündəlik həyatın artan yükü də bu prosesdə mühüm rol oynayır. İnsanların birgə yaşamaq, sosial əməkdaşlıq etmək və ailə dəyərlərinə sadiq qalmaq hissi müxtəlif qlobal təsirlər fonunda zəifləyir. Boşanmaların artması müəyyən dairələrin maraqlarına da uyğun ola bilər. Bu baxımdan iqtisadi motivlər həm bu prosesi təşviq edənlər, həm də onun təsirinə məruz qalan ailələr üçün mühüm faktordur. Nəticədə ailə institutu tədricən böhran vəziyyətinə sürüklənir”.

O deyib ki, bu problemi həll etmək üçün ailə məsələlərinə daha diferensial yanaşmaq lazımdır:

“Ailə məsuliyyəti valideynin övlad qarşısında, övladın valideyn qarşısında, həyat yoldaşlarının bir-biri qarşısında və ümumilikdə cəmiyyət qarşısında məsuliyyəti daha güclü şəkildə təşviq edilməlidir. Burada maarifləndirmə və təbliğatın rolu böyükdür. Eyni zamanda nəzərə almaq lazımdır ki, internet və qlobal informasiya axını şəraitində insanların seçimlərinə tam nəzarət etmək mümkün deyil. Qadağalar və hüquqi məhdudiyyətlər bu problemi təkbaşına həll edə bilməz. Burada yazılmamış ictimai qaydalar, şəxsi iradə, sosial-psixoloji dayanıqlıq və özünüidarə bacarıqları ön plana çıxmalıdır. Problemin həlli üçün psixoloji, iqtisadi, sosial-demoqrafik və kulturoloji amilləri bir arada nəzərə alan çoxölçülü həll modellərinə ehtiyac var”. 

Sosioloqun sözlərinə görə, maddi dəstək də burada vacib rol oynayır:

“Sağlam ailə modelinin təşviqi, rifah səviyyəsinin yüksəldilməsi və problemli ailələrə dəstək boşanmaların azalmasına müsbət təsir göstərə bilər. Digər mühüm məsələ ailədaxili ünsiyyətdir. Baxmayaraq ki, bu faktor bəzən arxa planda qalır, əslində münasibətlərin dağılmasında əsas səbəblərdən biridir. Son illər hər kəs daha çox öz ehtiyaclarını ön plana çıxarmağa çalışır. Gender münasibətləri ətrafında yaranan gərginliklər də ailədaxili konfliktləri artırır. Maddi imkanları məhdud olan insanların evlənməsi getdikcə çətinləşir. Digər tərəfdən, maddi imkanları yüksək olan şəxslərin bir neçə dəfə ailə qurması cəmiyyətdə ciddi qınaq doğurmur. Bu da sosial balanssızlığı dərinləşdirən amillərdəndir. Bu, çox həssas və mürəkkəb məsələdir. Ona görə də problemə səthi deyil, elmi və sistemli yanaşmaq lazımdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müəyyən araşdırmalar aparsa da, bu istiqamətdə daha dərin və nəticəyönümlü tədqiqatlara ehtiyac var. Bu prosesə müstəqil ekspertlərin və peşəkar tədqiqatçıların cəlb olunması da mühüm əhəmiyyət daşıyır. Ümumilikdə, boşanmaların qarşısının alınması üçün çoxvektorlu yanaşma tələb olunur. Burada psixoloji, sosial, iqtisadi və mədəni amillər paralel şəkildə nəzərə alınmalı, milli maraqlara uyğun uzunmüddətli strategiyalar hazırlanmalıdır”.

Beləliklə, Azərbaycanda boşanma statistikasının kəskin artması ailə institutunun qorunması üçün təxirəsalınmaz addımların atılmasını tələb edir. İqtisadi çətinliklər və qlobal mədəniyyətin gətirdiyi fərdiləşmə meylləri ailədaxili dözümlülüyü azaldaraq tərəfləri asanlıqla ayrılmağa sövq edir. Problemin qarşısını sadəcə inzibati yollarla almaq qeyri-mümkün olduğundan, dövlət səviyyəsində gənc ailələrə maddi dəstək mexanizmlərinin qurulması, evlilikdən öncə mütləq psixoloji xidmətlərin təşkili və geniş maarifləndirmə kampaniyalarının aparılması milli genofondun qorunması baxımından həyati əhəmiyyət daşıyır.