Вернуться назад Распечатать

Adil Kərimli kino barədə nə düşünür? - "Park Cinema"da 10 kinonun 9-u rus dilindədir

Azərbaycanda mədəniyyət sahəsinə hər il milyonlarla manat dövlət vəsaiti ayrılır. Rəsmi hesabatlarda yeni layihələrdən, islahatlardan, beynəlxalq əməkdaşlıq proqramlarından və müasir idarəetmə modellərindən danışılır. Nazirlər dəyişir, yeni rəhbərliklər gəlir, müxtəlif konsepsiyalar təqdim olunur. Lakin sadə vətəndaşın gündəlik həyatında bu dəyişikliklərin nəticəsini görmək getdikcə çətinləşir.

1xeber.media Bizimesr.com-a istinadla bildirir ki, Mədəniyyət sahəsinin ən vacib istiqamətlərindən biri kino sənayesidir. Kino həm incəsənət, həm də cəmiyyətin mədəni inkişaf göstəricilərindən hesab olunur.

Sovet dövründə kinoteatrların qarşısında uzun növbələr yaranırdı. İnsanlar yeni filmləri izləmək üçün günlərlə bilet axtarırdı. Bu gün isə mənzərə tamamilə fərqlidir.

Azərbaycanda kinoteatr mədəniyyəti demək olar ki, əvvəlki cazibəsini itirib. Yerli istehsal olunan filmlərin sayı və keyfiyyəti ilə bağlı uzun illərdir müzakirələr aparılır. Beynəlxalq festivallarda uğur qazanan, dünya bazarına çıxan və geniş auditoriyanın marağını cəlb edən filmlər isə demək olar ki. yoxdur. Bir sözlə, Azərbaycanda kino tamamilə mənasız bir sahəyə dönüb.

Bununla belə, ölkədə fəaliyyət göstərən bir sıra kinoteatr şəbəkələri müəyyən auditoriyanı cəlb edə bilir. Az sayda insanlar ailələri ilə birlikdə istirahət etmək, övladlarını əyləndirmək və asudə vaxt keçirmək üçün kinoteatrlara üz tuturlar. Ancaq burada da başqa bir problem ortaya çıxır.

Məsələn, ölkənin ən böyük kinoteatr şəbəkələrindən biri hesab edilən Park Cinema-da nümayiş olunan filmlərin böyük hissəsi rus dilində təqdim olunur. Bəzi günlərdə nümayiş olunan filmlərin əksəriyyətinin məhz rus dilində olması Azərbaycan dilində film izləmək istəyən vətəndaşlar üçün ciddi çətinlik yaradır.

Nəticədə rus dilini bilməyən insanlar seçim imkanından məhrum olurlar. Öz ölkəsində yaşayan və dövlət dili olan Azərbaycan dilində xidmət almaq istəyən vətəndaş kinoteatrda film izləmək üçün uyğun seans tapa bilmir.

Əgər filmlərin Azərbaycan dilinə dublyaj olunması əlavə maliyyə tələb edirsə, ən azı alternativ variant kimi filmlərin orijinal dilində Azərbaycan dilində altyazılarla nümayiş etdirilməsi mümkündür. Dünyanın bir çox ölkəsində bu təcrübə geniş tətbiq olunur. Həm tamaşaçı orijinal səs yazısını eşidir, həm də məzmunu rahat şəkildə anlayır.

Təəssüf ki, Azərbaycanda bu yanaşma da geniş yayılmayıb. Nəticədə Azərbaycan dilində kino izləmək istəyən tamaşaçılar seçim imkanlarından məhrum qalırlar.

Mədəniyyət siyasətinin məqsədi yalnız tədbirlər keçirmək və hesabatlar hazırlamaq deyil. Əsas məqsəd vətəndaşın mədəni xidmətlərə əlçatanlığını təmin etməkdir. Əgər ölkənin ən böyük kinoteatrlarında belə Azərbaycan dilində film seansları kifayət qədər deyilsə, bu artıq təkcə kommersiya məsələsi deyil, həm də mədəniyyət siyasəti ilə bağlı ciddi suallar yaradır.

Milyonlarla manat vəsait ayrılan bir sahədə vətəndaşın öz ana dilində film izləmək imkanının məhdud qalması düşündürücüdür.

Qeyd edək ki, ölkənin Mədəniyyət naziri Adil Kərimlidir.