Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri və
dövlətimizin başçısı İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi fikirlər iki qardaş ölkə
arasındakı münasibətlərin sadəcə diplomatik əlaqələrdən ibarət olmadığını, dərin mənəvi,
tarixi və strateji təməllərə söykəndiyini növbəti dəfə bütün dünyaya nümayiş etdirdi. Bu
bəyanat Azərbaycan və Türkmənistanın həm regional liderlər, həm də qlobal miqyasda
mühüm geoiqtisadi aktora çevrildiyinin rəsmi təsdiqidir.
Türkmənistanın Ümummilli Lideri, Arkadağ Qurbanqulu Berdiməhəmmədovun
təşəbbüsü ilə işğaldan azad edilmiş Füzuli şəhərində məscidin tikintisinə başlanılması sadəcə
bir infrastruktur layihəsi deyil. Bu, qardaş türkmən xalqının Azərbaycanın haqq işinə, onun
mədəni-dini irsinin bərpasına verdiyi səmimi və dostcasına dəstəyin ən ali rəmzidir. Bakı və
Aşqabad, Arkadağ və Füzuli şəhərlərinin qardaşlaşması bu birliyin inzibati və mənəvi
çərçivəsini tamamlayır. Cari ayda həm Aşqabadda, həm də Arkadağda keçirilən Azərbaycan
Mədəniyyəti Günləri xalqlarımızın mənəvi olaraq bir-birinə nə qədər yaxın olduğunu yenidən
sübut etdi.
Türkmənistanın fəal dəstəyi ilə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının
Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsi regionun geosiyasi arxitekturasını dəyişən
tarixi bir hadisədir. Coğrafi baxımdan bu bölgəyə aid olmasaq da, Azərbaycan mənəvi, tarixi
və ən əsası nəqliyyat-logistika imkanları ilə Mərkəzi Asiyanın ayrılmaz bir parçasına çevrilib.
Bu gün Bakı və Aşqabad böyük Mərkəzi Asiyanın vahid geosiyasi və geoiqtisadi bölgə kimi
qəbul edilməsi üçün real ilkin şərtlər və yeni reallıqlar yaradır.
Dünyada təhlükəsiz və etibarlı tranzit marşrutlarına ehtiyacın pik həddə çatdığı bir
dövrdə, Azərbaycan və Türkmənistanın formalaşdırdığı nəqliyyat dəhlizləri geniş bir coğrafiya
üçün strateji əhəmiyyət kəsb edir. Cənab Prezidentin də qeyd etdiyi kimi, “Siyasi qarşılıqlı
fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi”. İki ölkə
rəhbərliyinin güclü siyasi iradəsi sayəsində Xəzər dənizi üzərindən keçən yük axınlarının
artırılması və üçüncü ölkələrin bu marşrutlara cəlb edilməsi istiqamətində əldə olunan razılıq
hər iki dövlətin qlobal logistika xəritəsindəki mövqeyini sarsılmaz edir. Gələn ay keçiriləcək
Hökumətlərarası Komissiyanın iclası bu tapşırıqların icrası üçün konkret fəaliyyət planı
olacaqdır.
Zəngin faydalı qazıntılara və karbohidrogen ehtiyatlarına malik olan Azərbaycan və
Türkmənistan enerji sahəsində rəqib deyil, tərəfdaş kimi çıxış edirlər. Səylərin birləşdirilməsi
hər iki ölkənin iqtisadi suverenliyini gücləndirir. Eyni zamanda, Azərbaycan Türkmənistanın
dünyada geniş ictimai dəstək qazanmış neytrallıq siyasətini hər zaman yüksək qiymətləndirir
və dəstəkləyir.
Beləliklə, Prezident İlham Əliyevin bəyanatı bir daha göstərdi ki, Azərbaycan-
Türkmənistan münasibətləri qızıl dövrünü yaşayır. Bu tərəfdaşlıq təkcə iki ölkənin rifahına
deyil, bütövlükdə Avrasiya məkanında sabitliyə, təhlükəsizliyə və dayanıqlı iqtisadi inkişafa
xidmət edir.
Cavad Cəlilov,
Sabirabad RİH başçısının Qalağayın kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi