Mingəçevir Dövlət Universitetində (MDU) yeni təsis edilmiş “The Journal of Scientific Vectors” beynəlxalq elmi jurnalının rəsmi internet saytının təqdimatı keçirilib.
1xeber.media xəbər verir ki, təqdimat mərasimində universitetin akademik və inzibati heyət üzvləri iştirak ediblər. Tədbirin məqsədi MDU-da elmi nəşr fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili, tədqiqat nəticələrinin daha geniş akademik auditoriyaya çatdırılması və universitetin elmi kommunikasiya imkanlarının rəqəmsal mühitdə gücləndirilməsi olub.
Tədbiri giriş sözü ilə açan universitetin elm və innovasiya məsələləri üzrə prorektoru Natəvan Namazova yeni jurnal platformasının elmi-tədqiqat fəaliyyətinin inkişafı, akademik nəşr mədəniyyətinin formalaşdırılması və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, “The Journal of Scientific Vectors” iqtisadiyyat və enerji mühəndisliyi sahələrində nəzəri, empirik və tətbiqi tədqiqatların dərcinə yönələn beynəlxalq resenziyalı akademik jurnal kimi universitetin elmi potensialının beynəlxalq səviyyədə tanıdılmasına töhfə verəcək.
Qeyd olunub ki, jurnal iqtisadi sistemlər, siyasət çərçivələri, enerji istehsalı və infrastrukturunun mühəndislik əsasları, enerji texnologiyaları, enerji səmərəliliyi, ənənəvi enerji sistemlərindən bərpa olunan enerji mənbələrinə keçid, eləcə də iqtisadi inkişafla enerji texnologiyaları arasındakı qarşılıqlı əlaqələrə dair elmi araşdırmalar üçün beynəlxalq akademik platforma rolunu oynayacaq.
Daha sonra universitetin Rəqəmsal transformasiya şöbəsinin baş mütəxəssisi Əziz Əmiraslanov jurnalın rəsmi saytının funksional imkanları barədə təqdimatla çıxış edib. İştirakçılara saytın strukturu, istifadəçi interfeysi, məqalələrin qəbulu və redaksiya proseslərinin idarə olunması, müəlliflər üçün yaradılmış imkanlar, həmçinin rəqəmsal nəşr prosesinin təşkili barədə ətraflı məlumat verilib.
Bildirilib ki, yeni platforma elmi məqalələrin qəbulu, qiymətləndirilməsi və nəşrə hazırlanması prosesinin daha sistemli, şəffaf və operativ şəkildə həyata keçirilməsinə şərait yaradacaq. Eyni zamanda, saytın beynəlxalq elmi bazalar və akademik axtarış sistemləri ilə inteqrasiyası vasitəsilə jurnalın qlobal elmi ictimaiyyət üçün əlçatanlığının artırılması nəzərdə tutulur.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, jurnalın beynəlxalq indeksləşmə perspektivləri və universitetdə elmi nəşr fəaliyyətinin gələcək inkişaf istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.








