Azərbaycan və Türkmənistan münasibətləri artıq yalnız tarixi, etnik və mədəni yaxınlıq
çərçivəsində deyil, həm də strateji maraqların uzlaşdığı yeni geosiyasi platforma üzərində
inkişaf edir. Diqqət çəkən əsas məqamlardan biri dövlətlər arasında formalaşmış yüksək siyasi
etimadın konkret layihələrə çevrilməsidir. Dövlət başçılarının həm təkbətək, həm də geniş
tərkibdə apardıqları danışıqlar, verilən konkret tapşırıqlar və Hökumətlərarası Komissiyanın
növbəti iclasına qədər müəyyən edilmiş fəaliyyət istiqamətləri onu göstərir ki, Bakı ilə Aşqabad
əməkdaşlığın institusional əsaslarını daha da möhkəmləndirmək niyyətindədir. Bu yanaşma
münasibətlərin təsadüfi deyil, uzunmüddətli strateji planlaşdırma əsasında inkişaf etdiyini
nümayiş etdirir.
Prezident İlham Əliyevin Qarabağın bərpasında Türkmənistanın göstərdiyi dəstəyi
xüsusi vurğulaması da mühüm siyasi məna daşıyır. Füzuli şəhərində məscidin tikintisi
təşəbbüsü təkcə humanitar layihə deyil, həm də Azərbaycanın ərazi bütövlüyünə və
postmünaqişə dövründə həyata keçirilən genişmiqyaslı quruculuq siyasətinə verilən qardaş
dəstəyinin rəmzidir. Bu addım Türk dünyasında qarşılıqlı həmrəyliyin praktik ifadəsi kimi
qiymətləndirilə bilər. Bəyanatın mühüm istiqamətlərindən biri Azərbaycanın Mərkəzi Asiya ilə
inteqrasiyasının yeni mərhələyə keçməsidir. Prezident İlham Əliyev Azərbaycanın Mərkəzi
Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsini tarixi hadisə
adlandırmaqla ölkənin regional siyasətində yeni geosiyasi xəttin formalaşdığını göstərdi.
Burada Türkmənistanın fəal dəstəyinin xüsusi qeyd olunması isə Aşqabadın Azərbaycanın
regiondakı rolunun güclənməsinə verdiyi əhəmiyyətin göstəricisidir.
Bu proses yalnız siyasi baxımdan deyil, iqtisadi aspektdən də böyük perspektivlər açır.
“Xəzər hövzəsini birləşdirən nəqliyyat marşrutlarının inkişafı, Orta Dəhlizin genişlənməsi və
yükdaşımaların artırılması istiqamətində aparılan koordinasiya regionun iqtisadi xəritəsini
dəyişdirən amillər sırasındadır. Prezident İlham Əliyevin vurğuladığı kimi, etibarlı nəqliyyat
marşrutlarının yaradılması yalnız infrastruktur layihələri ilə deyil, ilk növbədə dövlətlər arasında
mövcud olan siyasi etimad və qarşılıqlı maraqlarla mümkündür. Bu baxımdan
Azərbaycan–Türkmənistan tərəfdaşlığı Avrasiya məkanında sabit və təhlükəsiz logistika
sisteminin mühüm dayaqlarından birinə çevrilmək potensialına malikdir. Təbii ki, dövlət
başçımızın bəyanatında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi barədə verilən
mesajlar da diqqətdən yayınmır. Hər iki ölkənin zəngin enerji ehtiyatlarına malik olması,
onların beynəlxalq bazarlara çıxış imkanlarının əlaqələndirilməsi və yeni layihələrin
reallaşdırılması regional enerji təhlükəsizliyinə mühüm töhfə verə bilər. Bu istiqamətdə
formalaşan əməkdaşlıq yalnız ikitərəfli münasibətlərə deyil, Avropa ilə Asiyanı birləşdirən
enerji kommunikasiyalarının etibarlılığına da müsbət təsir göstərəcək.
Əlioğlan Əşrəfli,
Sabirabad rayonu Həşimxanlı kənd tam orta məktəbinin direktoru