Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə münasibətlərin inkişaf etdirilməsi
prioritet istiqamətlərdən biridir. Son illərin siyasi mənzərəsi ondan ibarətdir ki, respublikamızın
Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğız, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti ilə
münasibətləri özünəməxsusluğu ilə fərqlənməklə, daha da genişlənib, yeni istiqamətləri əhatə
edib. Bu da xalqımızın sözügedən dövlətlərin xalqları ilə ortaq dəyərləri bölüşməsindən irəli
gəlir.
Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovun iyunun 22-də Azərbaycan
Respublikasına baş tutan dövlət səfəri də Azərbaycanın türk dövlətləri ilə münasibətlərinin
daha da inkişafına və genişlənməsinə verdiyi xüsusi önəmin təcəssümüdür. Səfər
çərçivəsində Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar
Berdiməhəmmədov ilə təkbətək və geniş tərkibdə görüşləri keçirilib.
Azərbaycan və türkmən xalqları arasında əlaqələrin tarixi qədimdir. Hər iki xalq həm də
XX əsrdə eyni taleyi bölüşüblər. Müstəqilliklərini bərpa etdikdən sonra Azərbaycan və
Türkmənistan arasında münasibətlər yeni mərhələyə qədəm qoyub. İki dövlət arasında
diplomatik əlaqələr 1992-ci il iyun ayında yaradılıb. Bu gün isə Azərbaycan-Türkmənistan
münasibətləri strateji məzmun daşıyır.
Xüsusən son illər Azərbaycan-Türkmənistan əlaqələrinin daha da inkişafı baxımından
mühüm mərhələ hesab oluna bilər. Çünki bu illərdə dövlət başçılarının qarşılıqlı səfərləri və
digər yüksəksəviyyəli rəsmilərin səfərləri daha da intensiv xarakter alıb. Bu səfərlər, imzalanan
sənədlər əlaqələrə yeni dinamizm gətirib, eyni zamanda regional əməkdaşlığı gücləndirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Türkmənistana həyata
keçirilən 2 rəsmi və 5 işgüzar səfər, eləcə də onun 2025-ci il avqustun 22-də Türkmənbaşı
şəhərində keçirilən Azərbaycan Respublikası, Türkmənistan və Özbəkistan Respublikası
arasında yüksəksəviyyəli görüşdə iştirakı Bakının bu istiqamətə verdiyi önəmin göstəricisidir.
Azərbaycanla Türkmənistan arasında münasibətlər xüsusən enerji və nəqliyyat
sahələrində son illərdə daha da inkişaf edib. Hər iki dövlət enerji təhlükəsizliyinin və nəqliyyat
dəhlizlərinin regional və qlobal əməkdaşlıqdakı rolunu düzgün qiymətləndirərək, sözügedən
sahələrə sərmayələr yatırırlar. Türkmənistan özünün karbohidrogen ehtiyatlarını həm də
Azərbaycanın enerji dəhlizləri vasitəsilə ixrac edir. 2021-ci ilin yanvar ayında Azərbaycanla
Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə
kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması
isə iki dövlət arasında enerji sahəsində əməkdaşlığı daha da gücləndirib. Dəniz sərhədində
yerləşən bu yataq Azərbaycanı və Türkmənistanı bir-birinə daha da yaxınlaşdırıb, dostlaşdırıb
və qardaşlaşdırıb. İlk dəfə olaraq enerji yatağının iki dövlət tərəfindən birlikdə istismarı həm də
Xəzər dənizində yeni əməkdaşlıq formatının yaradılması deməkdir.
Nəqliyyat sahəsində əməkdaşlıq isə Orta dəhlizin də inkişafına təkan verir. Mərkəzi
Asiyanı Qafqazla birləşdirən ən qısa və əlverişli yol Xəzər dənizi vasitəsilə Azərbaycandan
keçir. Bu, həm də Asiyanı Avropa ilə birləşdirən ən qısa və iqtisadi baxımdan səmərəli marşrut
hesab olunur. Türkmənistan və Azərbaycan arasında imzalanmış müqavilələr, eləcə də hər iki
ölkənin yeni logistika infrastrukturları yaratması həm qarşılıqlı ticarət dövriyyəsini
nəzərəçarpacaq dərəcədə artırıb, həm də yüklərin daşınma müddətini önəmli dərəcədə
azaldıb.
İyunun 22-də Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan
Respublikasına dövlət səfərinə gəlib. Səfər çərçivəsində Bakıda Azərbaycan Prezidenti İlham
Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə təkbətək və geniş tərkibdə
görüşləri keçirilib.
Səfər günlərində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti
Sərdar Berdiməhəmmədovun iştirakı ilə “Dostlug” neftdaşıyan tankerinin onlayn formatda
hədiyyə olunması mərasimi keçirilib.
Azərbaycan Respublikası ilə Türkmənistan arasında imzalanmış 12 mühüm sənədlərin
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar
Berdiməhəmmədovun iştirakı ilə mübadiləsi mərasimi keçirilib, iki ölkə rəhbərləri prezidentlərin
Birgə Bəyanatını imzalayıblar.
Mətbuat üçün bəyanatında Prezudent İlham Əliyev deyib ki, “münasibətlərimiz möhkəm təməl
– tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub. Biz müntəzəm olaraq
yaradıcı kollektivlərin çıxışlarını təşkil edirik. Elə bu yaxınlarda, bu ayın əvvəlində həm
Aşqabadda, həm də Arkadağda Azərbaycan Mədəniyyəti Günləri keçirildi. Keçən il isə
Türkmənistanın mədəniyyət xadimləri həm Bakıda, həm də Gəncədə keçirilən Mədəniyyət
Günlərində bizi ziyarət etdilər”.
Vurğulanıb ki, “Bakı və Aşqabad Arkadağ və Füzuli kimi, qardaş şəhərlərdir. Bütün
bunlar bizim birliyimizin nümayişidir. Əməkdaşlığımızı konkret məzmunla zənginləşdirməyə və
qarşılıqlı fəaliyyətimizi dərinləşdirməyə çalışırıq”.
Prezidentlərin görüşü zamanı nəqliyyat-logistika sahəsi haqqında da çox danışıldı.
Qeyd edildi ki, “ölkələrimiz arasında bu sahədə əməkdaşlıq artıq uzunmüddətli xarakter
daşıyır, hətta deyərdim ki, bu, təkcə bizim üçün deyil, təkcə qonşularımız üçün deyil, həm də
geniş bir coğrafiya üçün strateji əhəmiyyətə malikdir. Çünki bu gün dünyada öz aralarında
əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də
çox deyil. Bu, böyük nailiyyətdir. Belə olan halda nəqliyyat və logistika layihələrini siyasi
qarşılıqlı fəaliyyətdən təcrid olunmuş şəkildə nəzərdən keçirmək mümkün deyil. Siyasi
qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi.
Biz isə həm birgə səylərimiz nəticəsində artıq artan yük axınlarını daha da artırmaq, həm də
üçüncü ölkələrdən yükdaşımaları cəlb etmək üçün nəqliyyat və logistika sektorundakı
fəaliyyətimizi daha da əlaqələndirmək barədə razılığa gəldik. Buna görə də bu sahə təbii ki,
həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı fəaliyyətimizin prioriteti olacaq”.
Vurğulanıb ki, Türkmənistan və Azərbaycan geniş faydalı qazıntılara və enerji
ehtiyatlarına malik iki ölkədir. Bununla əlaqədar hər iki ölkə səylərini birləşdirmək üzrə
əməkdaşlıq etmək niyyətindədirlər.
Azərbaycanla Türkmənistan arasında münasibətlər strateji tərəfdaşlığa, dostluğa və
ortaq dəyərlərə söykənərək, sürətlə inkişaf edir, daha da möhkəmlənir. Son illərdə həyata
keçirilən ali səviyyəli qarşılıqlı səfərlər, aparılan dialoq və imzalanan normativ-hüquqi sənədlər
əlaqələrin daha da inkişafını şərtləndirir. Bu əlaqələr həm də qlobal aktuallıq kəsb edən
məsələləri əhatə edərək, hər iki dövlətin milli maraq və mənafelərinin qorunmasına yönəlib.
Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovun ölkəmizə dövlət səfəri əlbəttə ki,
əlaqələrin və tərədaşlığın inkişaf dinamikasına yeni impuls verəcək.
Əliqulu Babaşov,
Sabirabad rayonu, “34 saylı Yol istismarı” MMC-nin direktoru