Вернуться назад Распечатать

Qarşılıqlı etimada, strateji tərəfdaşlığa və ortaq dəyərlərə əsaslanan əlaqələr

İyunun 22-də Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan
Respublikasına dövlət səfərinə gəlib. Səfər çərçivəsində Bakıda Azərbaycan Prezidenti İlham
Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə təkbətək və geniş tərkibdə
görüşləri keçirilib.
Səfər günlərində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti
Sərdar Berdiməhəmmədovun iştirakı ilə “Dostlug” neftdaşıyan tankerinin onlayn formatda
hədiyyə olunması mərasimi keçirilib.
Azərbaycan Respublikası ilə Türkmənistan arasında imzalanmış 12 mühüm sənədlərin
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar
Berdiməhəmmədovun iştirakı ilə mübadiləsi mərasimi keçirilib, iki ölkə rəhbərləri prezidentlərin
Birgə Bəyanatını imzalayıblar.
Rəsmi gürüşlərdən sonra mətbuata bəyanatında Prezident İlham Əliyev bildirib ki,
“Münasibətlərimiz möhkəm təməl – tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində
qurulub”.
Mədəni inteqrasiyanı gücləndirən mühüm addımlardan biri də şəhərlərarası əlaqələrin
inkişafıdır. Bakı ilə Aşqabad, eləcə də regional inkişafın rəmzləri olan Arxadağ və Füzuli
şəhərləri arasında qardaşlaşma münasibətlərinin qurulması iki xalq arasında dostluq və
əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir. Ölkə başçısının bildirdiyi
kimi: “Bakı və Aşqabad Arkadağ və Füzuli kimi, qardaş şəhərlərdir. Bütün bunlar bizim
birliyimizin nümayişidir. Əməkdaşlığımızı konkret məzmunla zənginləşdirməyə və qarşılıqlı
fəaliyyətimizi dərinləşdirməyə çalışırıq”.
Prezidentlərin görüşü zamanı nəqliyyat-logistika sahəsi haqqında da çox danışıldı.
Qeyd edildi ki, “ölkələrimiz arasında bu sahədə əməkdaşlıq artıq uzunmüddətli xarakter
daşıyır, hətta deyərdim ki, bu, təkcə bizim üçün deyil, təkcə qonşularımız üçün deyil, həm də
geniş bir coğrafiya üçün strateji əhəmiyyətə malikdir. Çünki bu gün dünyada öz aralarında
əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də
çox deyil. Bu, böyük nailiyyətdir. Belə olan halda nəqliyyat və logistika layihələrini siyasi
qarşılıqlı fəaliyyətdən təcrid olunmuş şəkildə nəzərdən keçirmək mümkün deyil. Siyasi
qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi.
Biz isə həm birgə səylərimiz nəticəsində artıq artan yük axınlarını daha da artırmaq, həm də
üçüncü ölkələrdən yükdaşımaları cəlb etmək üçün nəqliyyat və logistika sektorundakı
fəaliyyətimizi daha da əlaqələndirmək barədə razılığa gəldik. Buna görə də bu sahə təbii ki,
həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı fəaliyyətimizin prioriteti olacaq”.
Vurğulanıb ki, Türkmənistan və Azərbaycan geniş faydalı qazıntılara və enerji
ehtiyatlarına malik iki ölkədir. Bununla əlaqədar hər iki ölkə səylərini birləşdirmək üzrə
əməkdaşlıq etmək niyyətindədirlər.
Azərbaycanla Türkmənistan arasında strateji maraqların üst-üstə düşməsi bu
münasibətlərin gələcəyinin parlaq olduğuna zəmanət verir. Regional və qlobal çağırışlar
fonunda bu iki ölkənin bir-birinə dəstək verməsi və yeni əməkdaşlıq istiqamətlərinin
formalaşması qaçılmazdır.
Tarix, dil, mədəniyyət və mənəviyyat bağları ilə bir-birinə sıx bağlı olan bu iki xalqın
münasibətləri yalnız bu günün deyil, sabahın da uğurlarını şərtləndirir. Qarşılıqlı etimada,
strateji tərəfdaşlığa və ortaq dəyərlərə əsaslanan bu əlaqələr regionda sabitliyin və rifahın
təmin olunmasına mühüm töhfə verəcək.
Eyvaz Fərzəliyev,
Sabirabad rayon Ağsaqqallar Şurasının sədri