Böyük Britaniyanın nüfuzlu reytinq təşkilatı olan “Times Higher Education” tərəfindən açıqlanan “THE Impact Rankings 2026” nəticələrinə əsasən, Mingəçevir Dövlət Universiteti dünya universitetləri arasında ümumi nəticə üzrə 1001–1500 qrupunda qərarlaşıb. Universitet bu nəticə ilə qlobal miqyasda reytinqə daxil olan 1603 ali təhsil müəssisəsi sırasında təmsil olunub.
1xeber.media xəbər verir ki,MDU 2026-cı il nəticələrində BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə bir sıra istiqamətlərdə uğurlu göstəricilər əldə edib. Universitet xüsusilə ekoloji dayanıqlılıq, məsuliyyətli istehlak, su resurslarının qorunması, yaşıl kampus yanaşması və təbii ekosistemlərin mühafizəsi ilə bağlı istiqamətlərdə beynəlxalq səviyyədə qiymətləndirilib.
Nəticələrə əsasən, Mingəçevir Dövlət Universiteti SDG 12 – Məsuliyyətli istehlak və istehsal istiqaməti üzrə dünya universitetləri arasında 301–400 aralığında yer alıb. Bu istiqamət üzrə reytinqdə ümumilikdə 758 ali təhsil müəssisəsi iştirak edib.
Universitet SDG 15 – Qurudakı həyat istiqaməti üzrə də yüksək nəticə göstərərək dünya universitetləri arasında 301–400 qrupunda qərarlaşıb. Bu göstərici MDU-nun ekoloji maarifləndirmə, təbiətin mühafizəsi və dayanıqlı kampus təşəbbüsləri üzrə fəaliyyətinin beynəlxalq səviyyədə tanındığını göstərir. Sözügedən istiqamət üzrə ümumilikdə 658 ali təhsil müəssisəsi qiymətləndirilib.
MDU SDG 6 – Təmiz su və sanitariya istiqaməti üzrə 401–600 aralığında yer alıb. Bu nəticə universitetin su resurslarının səmərəli idarə olunması, ekoloji tədqiqatlar və su təhlükəsizliyi sahəsində həyata keçirdiyi fəaliyyətlərin əhəmiyyətini nümayiş etdirir. Bu istiqamət üzrə reytinqdə 797 ali təhsil müəssisəsi iştirak edib.
Bununla yanaşı, Mingəçevir Dövlət Universiteti SDG 14 – Sudakı həyat istiqaməti üzrə də reytinqdə təmsil olunaraq 401+ qrupunda qərarlaşıb. Bu istiqamət üzrə ümumilikdə 561 ali təhsil müəssisəsi qiymətləndirilib.
Qeyd edək ki, MDU-nun “THE Impact Rankings 2026” nəticələrində əldə etdiyi bu göstəricilər universitetin dayanıqlı inkişaf, sosial məsuliyyət, yaşıl kampus, ekoloji maarifləndirmə, tədqiqat və beynəlxalq əməkdaşlıq istiqamətlərində həyata keçirdiyi sistemli fəaliyyətlərin mühüm nəticəsi kimi qiymətləndirilir.
Mingəçevir Dövlət Universiteti bundan sonra da BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun təhsil, tədqiqat, innovasiya və sosial məsuliyyət fəaliyyətlərini genişləndirməyi, beynəlxalq reytinqlərdə mövqeyini daha da gücləndirməyi və ölkəmizin ali təhsil sisteminin qlobal nüfuzunun artırılmasına töhfə verməyi hədəfləyir.





