Bu gün keçmiş SSRİ-nin Azərbaycana və azərbaycanlılara qarşı yaşatdığı faciəvi günlərin 77 ili tamam olur. Dekabrın 23-də indiki Ermənistandan azərbaycanlıların köçürülməsinə dair qərar qəbul olunub.
Tarixi mənbələrə əsasən, 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar qəbul edib: “1948-1950-ci illərdə könüllülük prinsipi əsasında Ermənistan SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülsün”.
Qərarın 1-ci bəndində 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min və 1950-ci ildə 50 min nəfərin köçürülməsi nəzərdə tutulurdu. Həmin qərarın 11-ci bəndinə əsasən, Ermənistan SSR Nazirlər Sovetinə azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar onların boşaltdıqları tikililəri və yaşayış evlərini xaricdən Ermənistana gələn ermənilərin yerləşdirilməsi üçün istifadə etmələrinə icazə verilir.
Bu qərarın qəbul edilməsi təsadüfi deyildi. Sənəd ermənilərin “Böyük Ermənistan” xülyasının tərkib hissəsi idi. Onlar XX əsrin əvvəllərində, xüsusi ilə Azərbaycanı sovetlər işğal etdikdən sonra ərazilər əldə etməkdən şirniklənərək bu məsələni yenidən qaldırmışdılar.