Bir neçə gün öncə 1xeebr.media-nın efirində böyük rezonans doğuran və “Məmur yalanı vətəndaş faktına qarşı: Qəbələdə böyük qalmaqal” başlığı ilə yayımlanan tənqidi materiala Qəbələ Rayon İcra Hakimiyyəti tərəfindən rəsmi cavab verilib.
Qurum vətəndaşların ittihamları və qaldırılan problemlərlə bağlı rəsmi açıqlama yayıb."Yol və körpü tikintisi Dövlət Proqramı əsasında mərhələli aparılır".
Qəbələ Rayon İcra Hakimiyyətinin bəyanatında bildirilir ki, rayondakı nəqliyyat infrastrukturunun yenidən qurulması dövlət planına uyğun icra edilir:“Qəbələ rayonu ərazisində yerli əhəmiyyətli avtomobil yollarının, eləcə də kəndlərin giriş yollarının və kəndlərarası avtomobil yollarının tikintisi, yenidən qurulması və əsaslı təmiri işləri davam etdirilir. O cümlədən, avtomobil körpülərinin tikintisi 'Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı'na uyğun olaraq mərhələli şəkildə həyata keçirilir”.
Qalmaqala səbəb olan ərazi nəzarətə götürülüb: Körpü tikiləcəkİcra Hakimiyyəti efirdə nümayiş etdirilən və böyük mübahisəyə səbəb olan konkret ərazi ilə bağlı artıq hərəkətə keçildiyini və rəsmi addımların atılacağını vurğulayıb:“Vətəndaşın müraciətində və media materialında göstərilən ərazi rəsmi olaraq tam nəzarətə götürülüb. Araşdırmalar nəticəsində qeyd olunan ərazi üzrə yeni körpünün inşasına ciddi ehtiyac olduğu müəyyən edilmişdir. Problemin aradan qaldırılması məqsədilə aidiyyəti qurumlar tərəfindən müvafiq işlər görüləcək”.
Xatırladaq ki, efirdə yayımlanan süjetdə vətəndaşların təqdim etdiyi faktlar qarşısında məmurların yalan məlumat verdiyi iddia olunmuş və bu hadisə rayonda böyük qalmaqala səbəb olmuşdu. İcra Hakimiyyətinin bu rəsmi açıqlamasından sonra qeyd olunan ərazidə körpü inşasına və yol təmirinə konkret olaraq nə vaxt başlanılacağı ictimaiyyət tərəfindən diqqətlə izlənilir