Вернуться назад Распечатать

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü milli dövlətçilik tariximizin ən uca məna daşıyan rəmzlərindən biridir. Bu tarix Azərbaycan xalqının azadlıq iradəsini, müstəqil dövlətin özünüqoruma instinktini, milli ləyaqətin hərbi-siyasi gücə çevrilməsini və dövlət suverenliyinin müqəddəs mahiyyətini ifadə edir.

1xeber.media xəbər verir ki, bu sözləri Globalinfo.az-a deputat Rövşən Muradov deyib.

O qeyd edib ki, Azərbaycanın müasir ordu quruculuğunun mənəvi və institusional təməlində Ulu Öndər Heydər Əliyevin dövlətçilik zəkası dayanır:

“Hələ sovet dövründə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması gələcək milli zabit korpusunun formalaşmasına hesablanmış uzaqgörən addım idi. Müstəqilliyin ilk illərində ölkə siyasi xaos, hərbi pərakəndəlik və işğal faciəsi ilə üz-üzə qalanda Heydər Əliyevin hakimiyyətə qayıdışı dövlətin xilası ilə yanaşı, ordunun yenidən qurulması üçün də həlledici mərhələ açdı”.

Deputat bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu yeni tarixi yüksəliş mərhələsinə qədəm qoydu:

“Ordu quruculuğu dövlət siyasətinin ən ali prioritetlərindən biri kimi ardıcıl şəkildə gücləndirildi, müdafiə potensialı müasir texnologiyalar, yüksək döyüş hazırlığı, güclü hərbi sənaye, peşəkar kadr sistemi və sosial təminat mexanizmləri ilə tamamlandı. Əsas məqsəd Azərbaycanı öz taleyini özü müəyyən edən, təhlükəsizlik arxitekturasında söz sahibi olan, milli maraqlarını istənilən şəraitdə qorumağa qadir qüdrətli dövlətə çevirmək idi”.

Rövşən Muradov deyib ki, 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt əməliyyatı Azərbaycan Ordusunun artan döyüş qabiliyyətini göstərən mühüm mərhələlər oldu:

“Lakin bu qüdrətin ən ali təntənəsi 2020-ci ilin 44 günlük Vətən müharibəsində yaşandı. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yalnız torpaqları azad etmədi, həm də məğlubiyyət psixologiyasını tarixdən sildi, xalqın qürurunu bərpa etdi, beynəlxalq hüququn kağız üzərində qalmış prinsiplərini döyüş meydanında reallığa çevirdi”.

R.Muradov əlavə edib ki, 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın suverenliyini tam miqyasda bərqərar etdi:

“Bununla Azərbaycan dövlətinin ərazi bütövlüyü və konstitusion quruluşu bütün ölkə ərazisində təmin olundu.

Azərbaycan Ordusu artıq yalnız sərhədləri qoruyan hərbi qüvvə kimi çıxış etmir. O, dövlət müstəqilliyinin dayağı, milli qürurun canlı təcəssümü, regionda sabitliyin mühüm təminatçısı və gələcək nəsillərə ötürülən yenilməz iradə məktəbidir.

26 İyun bu mənada qalib xalqın, qüdrətli dövlətin və müzəffər ordunun ortaq şərəf günüdür. Azərbaycan öz tarixi Zəfəri ilə sübut etdi ki, dövlətin siyasi iradəsi xalqın milli ruhu ilə birləşəndə ordu sadəcə müdafiə institutu olaraq qalmır, tarix yaradan qüdrətə çevrilir”.