Вернуться назад Распечатать

AZAL-ın ancaq "AZAL qazansın" strategiytası - Vətəndaşı köhnə təyyarələrlə uçub ölsə də olar...

Azərbaycanın milli aviadaşıyıcısı olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) illərdir ictimai müzakirələrin mərkəzindədir. Bu müzakirələrin əsas səbəbi isə nə yeni təyyarələrin alınması, nə də yeni istiqamətlərin açılmasıdır. Ən böyük narazılıq uzun illərdir dəyişməyən bir məsələ ilə – "aviabiletlərin yüksək qiyməti" ilə bağlıdır.

1xeber.media bizimesr.com-a istinadla xəbər verir ki, illər keçir, rəhbərlər dəyişir, idarəetmə modeli yenilənir, lakin vətəndaşların əsas şikayəti olduğu kimi qalır. Xüsusilə də quru sərhədlərinin bağlı olduğu indiki şəraitdə bu məsələ əvvəlki illərlə müqayisədə daha da aktuallaşır.

Cahangir Əsgərov dövrü: Dövlət dəstəyi və bahalı biletlər

AZAL-a 1996–2023-cü illərdə Cahangir Əsgərov rəhbərlik edib. Təxminən 27 il davam edən bu dövr ərzində şirkət Azərbaycanın əsas dövlət müəssisələrindən biri kimi fəaliyyət göstərib. Bu müddət ərzində AZAL müxtəlif dövlət proqramları çərçivəsində maliyyə dəstəyi alıb, aviasiya parkını yeniləyib, yeni hava limanlarının fəaliyyətində iştirak edib və ölkənin milli aviadaşıyıcısı kimi inkişaf etdirilib. Bununla yanaşı, həmin dövrdə ictimaiyyət tərəfindən ən çox səsləndirilən iradlardan biri aviabiletlərin qiymətinin yüksək olması idi. Demək olar ki, hər yay mövsümündə, bayram günlərində və turizm mövsümü yaxınlaşdıqca eyni suallar səslənirdi.

Niyə Bakıdan xaricə uçmaq qonşu ölkələrdən daha bahadır?
Niyə eyni məsafəyə uçuş üçün Azərbaycan vətəndaşı daha çox vəsait ödəyir?
Dövlət tərəfindən dəstəklənən milli aviadaşıyıcının qiymətləri niyə əhalinin gəlirlərinə uyğun deyil?

Bu suallar uzun illər cavabsız qaldı.

Yeni idarəetmə – köhnə problem

2024-cü il noyabrın 7-də Prezident İlham Əliyevin imzaladığı fərmanla AZAL-ın idarəetməsində mühüm dəyişiklik edildi. Şirkət "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi"nin (AZCON) idarəetməsinə verildi. Bu qərar dövlət müəssisələrinin daha müasir korporativ idarəetmə prinsipləri ilə idarə olunması məqsədi daşıyırdı.

Daha sonra AZAL-ın İdarə Heyətinin sədri vəzifəsinə Samir Rzayev təyin olundu. Yeni rəhbərlikdən gözləntilər böyük idi. Cəmiyyətdə belə bir fikir formalaşmışdı ki, idarəetmədə baş verən dəyişikliklər qiymət siyasətinə də təsir göstərəcək. Lakin sosial şəbəkələrdə və mediada yenə də eyni mövzu müzakirə olunur – bahalı aviabiletlər. Bu isə belə bir nəticə çıxarmağa əsas verir ki, problem konkret rəhbər şəxsdən daha çox, tətbiq olunan siyasət və idarəetmə modelindədir.

Quru sərhədləri bağlıdır – seçim də məhduddur

Azərbaycanda aviabiletlərin qiyməti ilə bağlı müzakirələr aparılarkən vacib bir məqam diqqətdən kənarda qalmamalıdır. Azərbaycanda quru sərhədləri uzun müddətdir bağlıdır. Əgər digər ölkələrdə insanlar təyyarədən əlavə avtomobil, avtobus və ya qatarla da sərhədi keçə bilirlərsə, Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti üçün xaricə çıxışın əsas yolu hava nəqliyyatıdır. Bu reallıq aviadaşımanı lüks xidmətdən zəruri nəqliyyat vasitəsinə çevirib.

Bu gün:müalicəyə gedən xəstə, xaricdə təhsil alan tələbə, ailəsini ziyarət edən vətəndaş, turist eyni problemlə qarşılaşır – yüksək aviabilet qiymətləri. Belə şəraitdə qiymət siyasəti artıq təkcə kommersiya məsələsi deyil, sosial məsuliyyət məsələsinə çevrilir.

AZAL rəhbərinin arqumentləri...

Bu ilin may ayında AZAL-ın İdarə Heyətinin sədri Samir Rzayev qiymət siyasəti ilə bağlı açıqlama verərək bildirdi ki, AZAL-ı aşağıbüdcəli aviaşirkətlərlə müqayisə etmək düzgün deyil. Onun sözlərinə görə, şirkət aşağıbüdcəli model üzrə fəaliyyət göstərmir və biletlərin qiyməti beynəlxalq aviasiyada qəbul olunmuş dinamik qiymət mexanizmləri əsasında müəyyən edilir. 

Lakin burada başqa bir sual yaranır. Beynəlxalq standartlar Azərbaycanın reallığını əks etdirirmi? Qiymətlərin beynəlxalq standartlarla hesablanması özlüyündə problem deyil. Problem həmin qiymətlərin hansı iqtisadi mühitdə tətbiq olunmasıdır. Məsələn, Avropa ölkələrində orta aylıq əməkhaqqı Azərbaycanın orta gəlirindən dəfələrlə yüksəkdir. Eyni qiymət Avropada aylıq gəlirin kiçik hissəsini təşkil etdiyi halda, Azərbaycanda bir çox ailənin aylıq büdcəsinə ciddi təsir göstərir.

Başqa sözlə, qiymət mexanizmi beynəlxalq ola bilər, lakin alıcılıq qabiliyyəti fərqlidir. Məhz buna görə də vətəndaşlar hesab edirlər ki, milli aviadaşıyıcının qiymət siyasətində ölkənin sosial-iqtisadi reallığı da nəzərə alınmalıdır. AZAL rəhbərliyi ilə açıq şəkildə deyir ki, AZAL aşağıbüdcəli avia şirkət deyil və uçuz uşmaq istəyən başqa aviaşirkətlərə müraciət etsin. Yəni, AZAL üçün əsas olan puldur, gəlirlərdir, görüntüdür... Azərbaycanın kasıb vətəndaşı üçün deyil.

Azərbaycan vətəndaşının minə bilmədiyi müasir təyyarə...

 AZAL-ın öz statistikası nəyi göstərir? 

Samir Rzayev açıqlamasında maraqlı statistik məlumat da səsləndirib. Onun sözlərinə görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərən 40 aviaşirkətin 15-i aşağıbüdcəli aviaşirkətdir. 2025-ci ildə 1,7 milyon sərnişin məhz bu şirkətlərlə səyahət edib. Ümumilikdə isə hava limanında daşınan sərnişinlərin 51 faizi xarici aviaşirkətlərin, 49 faizi isə AZAL-ın payına düşüb.

Bu rəqəmlər bir reallığı ortaya qoyur. İnsanlar seçim imkanı olduqda daha münasib qiymət təklif edən aviaşirkətlərə üstünlük verirlər. Əgər sərnişinlərin əksəriyyəti aşağıbüdcəli aviaşirkətləri seçirsə, niyə AZAL müəyyən istiqamətlər üzrə daha çevik və sosial yönümlü qiymət siyasəti tətbiq etmir?

Dövlət şirkətinin sosial funksiyası varmı?

Əvvəla AZAL sırf özəl şirkət deyil, o, dövlətə məxsus milli aviadaşıyıcıdır. Bu status ona yalnız kommersiya fəaliyyəti deyil, həm də müəyyən ictimai məsuliyyət yükü qoyur. Əlbəttə, aviasiya yüksək xərclər tələb edən sahədir. Təhlükəsizlik, texniki xidmət, personal hazırlığı və donanmanın yenilənməsi böyük maliyyə vəsaiti tələb edir. Lakin bu fakt dövlət şirkətinin sosial missiyası barədə sualları aradan qaldırmır. Quru sərhədlərinin bağlı olduğu şəraitdə hava nəqliyyatı milyonlarla insan üçün alternativ deyil, zərurətdir. 

Dövlətə məxsus milli aviadaşıyıcının əsas məqsədi yalnız maliyyə göstəricilərini yaxşılaşdırmaqdırmı, yoxsa onun əsas vəzifələrindən biri də ölkə vətəndaşlarının hava nəqliyyatına əlçatanlığını təmin etməkdir?

Bu gün AZAL durmadan təyyarə parkını yeniləyir, yeni, müasir təyyarələr alır. Amma Azərbaycan vətəndaşı öz ölkəsinin təyarələrinə biletlərin bahalığı səbəbindən minə bilmir və məcbur olub aşağı büdcəli şirkətlərlə hərəkət edir. Bu isə AZAL rəhbərliyini qətiyyən narahat etmir...

Samir Rzayev açıq şəkildə deyir: AZAL belə işləyir, pulu olana xoş, olmayana naxoş... Sosial məsiuliyyət gorbagor olub. 

Elə isə maraqlıdır, Azərbaycan dövlətinə məxsus olan AZAL bu təyyarələri kimlər üçün alır? Onlardan istifadə edə bilməyən Azərbaycan vətəndaşının bu təyyarələr nəyinə lazımdır?  Yalnız biznes, pul qazanmaq üçün fəaliyyətini bu istiqamətə yönəldən AZAL rəhbərliyi unudub ki, bu şirkət Azərbaycan dövlətinə məxsusudur və bu şirkət Azərbaycan vətəndaşının vergiləri, dövlətin sərvətlərindən gələn gəlirlərlə formalaşıb, ayaq üstə dayanıb və bu gün Azərbaycan vətəndaşına xidmət etmir. 

Beləliklə, son otuz ilə yaxın dövrə nəzər saldıqda bir nəticə dəyişməz olaraq qalır. AZAL-da rəhbərlər dəyişib, idarəetmə modeli "dəyişib", şirkət yeni holdinqin tabeliyinə verilib, lakin vətəndaşların əsas narazılığı aviabiletlərin yüksək qiyməti dəyişməz olaraq qalıb. Bu gün məsələ artıq təkcə aviaşirkətin kommersiya strategiyası ilə bağlı deyil. söhbət quru sərhədləri bağlı olan ölkədə milyonlarla vətəndaşın hərəkət azadlığına, səyahət imkanlarına və hava nəqliyyatına çıxışının əlçatan olmasından gedir.Beynəlxalq standartlara istinad etmək vacibdir. Ancaq milli aviadaşıyıcının fəaliyyəti qiymətləndirilərkən Azərbaycanın iqtisadi reallığı, əhalinin gəlir səviyyəsi və mövcud nəqliyyat imkanları da nəzərə alınmalıdır. Çünki dövlətə məxsus milli aviadaşıyıcının uğuru yalnız maliyyə nəticələri ilə deyil, vətəndaşın ondan nə dərəcədə istifadə edə bilməsi ilə də ölçülür. Azərbaycan vətəndaşı isə AZAL-ın xidmətlərindən yararlana bilmir...Öz dövlətinə məxsus təzə təyyarələrdə xarici vətəndaşlar uçur, Azərbaycan vətəndaşı isə aşağı büdcəli aviaşirkətlərlə uçmağa məhkumdur. Bu AZAL rəhbəri Samir Rzayevin apardığı siyasətdir və əsas qazancdır... Azərbaycan vətəndaşı aşağı büdcəli aviaşirkətlə, köhnə təyyarəılərlə uçub ölsə də olar...Təki  AZAL qazansın...  

Və ən sonda... 

Bakıdan Gəncəyə uça bilməyən AZAL haqqında daha nə yazacağımızı da bilmədik... Təsəvvür edin, ölkənin milli aviaşirkəti Bakıdan-Gəncəyə uça bilmir. Əgər belə bir istəyə düşən olsa gərək 650-1500 manat xərcləsin. Üstəlik, birbaşa deyil, Bakı-istanbul-Gəncə reysi ilə gedə bilər.  Bakıdan Gəncəyə 1000 manata... Beləliklə, AZAL-ın xidmətlərindən yararlanın...
Bizimesr.com