Polşa hakimiyyəti Qdanskdakı keçmiş baş konsulluq binasını məhkəmələr vasitəsilə Rusiyadan müsadirə etməyə çalışıb.
1xeber.media xəbər verir ki, bu barədə Polşa Baş Prokurorluğunun müşaviri Voyçex Muravski bildirib.
"Rusiya Federasiyasının baş konsulluğunun yerləşdiyi əmlakın təhvil verilməsi üçün Qdansk Rayon Məhkəməsinə iddia qaldırılıb", - deyə o bildirib.
Baş konsulluq 2025-ci ilin dekabrında fəaliyyətini dayandırıb. Lakin Rusiya tərəfi binanın öz mülkiyyətində qaldığını iddia edir.
Bir rusiyalı işçi də əmlakın təhlükəsizliyinə nəzarət etmək üçün keçmiş baş konsulluq binasında qalıb. Dekabr ayında Polşa rəsmiləri binaya girməyə cəhd etsələr də, içəri girə bilməyiblər.