Вернуться назад Распечатать

Almaniyada azərbaycanlı gənc yazarın ilk kitabı təqdim olunub

Almaniyanın Hannover şəhərində yaşayan azərbaycanlı gənc yazar Zeynəb Mustafayevanın ilk əsəri olan “Fəda və Vida” kitabının təqdimatı keçirilib.

1xeber.media xəbər verir ki, Hannoverdəki “Bismarck-Gymnasium” məktəbinin məzunu, müxtəlif müsabiqələrin qalibi olan 20 yaşlı Zeynəb Mustafayeva yaradıcılığı ilə Azərbaycan mədəniyyətinin Almaniyada tanıdılmasına öz töhfəsini verir. Gənc yazarın həyat və yaradıcılıq yolu əzm və iradənin parlaq nümunəsi kimi diqqət çəkir. Fiziki məhdudiyyətlərinə və qarşılaşdığı çətinliklərə baxmayaraq, o, yaradıcılıqdan uzaqlaşmayaraq öz məqsədlərinə doğru inamla addımlayır. Onun “Fəda və Vida” kitabı da bu axtarışların və zəngin daxili dünyasının ifadəsi kimi oxuculara təqdim olunub.

Təqdimat mərasimində müəllifin ilk kitabı ilə yanaşı, onun bədii zövqünü, özünəməxsus baxışlarını və yaradıcılıq potensialını əks etdirən rəsm əsərləri də nümayiş etdirilib. Əsərlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin və Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin də təmsil olunduğu tədbirdə Zeynəb Mustafayevanın yaradıcılığı və əzmkarlığı yüksək qiymətləndirilib və ona gələcək fəaliyyətində böyük uğurlar arzulanıb.