Paytaxt və ətraf ərazilərdə əhalinin sayının artması, eləcə də gündəlik gediş-gəliş edən sərnişinlərin çoxalması nəqliyyat infrastrukturunun genişləndirilməsi məsələsini yenidən gündəmə gətirib. Son günlər Bakı–Sumqayıt istiqamətində metro xəttinin çəkilməsi ilə bağlı müzakirələr də aktuallaşıb.
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov 1xeber.media-ya açıqlamasında bildirib ki, Bakı Metropoliteninin Sumqayıta qədər uzadılması hazırda real və perspektivli layihələr sırasında yer almır.
Ekspertin sözlərinə görə, Bakı ilə Sumqayıt arasında sərnişin axını yüksək olsa da, bu istiqamətdə alternativ nəqliyyat imkanları mövcuddur:
“Bakı Metropoliteni Sumqayıta qədər uzadılmayacaq. Hazırda bu istiqamətdə fəaliyyət göstərən sürətli elektrik qatarları sərnişinlərin rahat və operativ daşınmasını təmin edir. Mövcud dəmir yolu infrastrukturu gələcəkdə daha da təkmilləşdirilərək xidmət keyfiyyəti artırıla bilər.”
Eldəniz Cəfərov qeyd edib ki, Bakı Metropoliteninin əsas inkişaf prioriteti paytaxt daxilində sərnişin sıxlığının yüksək olduğu ərazilərdə yeni stansiyaların tikintisi və mövcud xətlərin genişləndirilməsidir. Onun fikrincə, şəhərətrafı istiqamətlərdə isə metro deyil, sürətli qatar və dəmir yolu layihələrinin inkişafı daha məqsədəuyğundur.
Müəllif: Aysel Timur
1xeber.media