Вернуться назад Распечатать

Məhərrəmlikdən sonra toy edənlərə şad xəbər: Qızıl ucuzlaşıb

Dünya bazarında qızılın qiymətində müşahidə olunan eniş həm investorların, həm də sıravi alıcıların diqqətini cəlb edir. 1 unsiya qızılın qiyməti 2025-ci ilin noyabrından bəri ilk dəfə 4000 dollardan (1 qramı 129 dollardan) aşağı düşüb.

Qarşıdan gələn toy mövsümü və Məhərrəmlik ayının başa çatması ilə Azərbaycanda qızıla tələbatın artacağı gözlənilir. Bu isə vətəndaşlar arasında belə bir sual yaradır: hazırkı qiymətlər qızıl almaq üçün əlverişli fürsətdirmi?

İqtisadçı Xalid Kərimli 1xeber.media-ya açıqlamasında bildirib ki, qızılın ucuzlaşması bu ilin əvvəlindən müşahidə olunur.

Onun sözlərinə görə, müharibənin başlanması ilə neftin qiyməti kəskin bahalaşdı və bu, qlobal inflyasiya gözləntilərini artırdı:

“Neftin qiyməti ilə qızıl arasında birbaşa əlaqə olmasa da, neft bahalaşdıqca istehsal və daşınma xərcləri artır, bu isə inflyasiya riskini yüksəldir. İnflyasiya artdıqda mərkəzi banklar faiz dərəcələrini yüksəldirlər. Xüsusilə ABŞ Federal Ehtiyat Sisteminin faiz siyasəti qızılın qiymətinə ciddi təsir göstərir.

Qızıl dividend və ya faiz gətirən aktiv deyil. Buna görə də faiz gəliri verən investisiya alətlərinin gəlirliliyi artdıqca investorların qızıla marağı azalır və qiymətlər aşağı düşür. Son həftələrdə ABŞ Mərkəzi Bankının faizləri gözlənildiyi kimi azaltmayacağını, əksinə bir müddət yüksək saxlayacağını açıqlaması da qızılın ucuzlaşmasına təsir edib”.

İqtisadçı qeyd edib ki, neft qiymətləri əvvəlki pik həddən geri çəkilsə də, hələ də yüksək səviyyədədir:

“Qlobal inflyasiyanın azalacağına dair ciddi gözlənti yoxdur. Əksinə, artım ehtimalı qalır və qızıl bazarı da buna reaksiya verir. Hazırkı qiymətlərdə həm bahalaşma, həm də ucuzlaşma riski mövcuddur. Çünki qızılın qiyməti qlobal siyasi və iqtisadi xəbərlərdən birbaşa təsirlənir.

Son illərdə geosiyasi gərginlik, müharibələr və sanksiyalar səbəbindən bir çox ölkələr, o cümlədən Hindistan, Çin, Rusiya, Braziliya, Türkiyə və Azərbaycan qızıl ehtiyatlarını artırmağa başladı. Məqsəd dolların dəyər itirməsi və mümkün sanksiya risklərindən qorunmaq idi.

Hazırda isə vəziyyət dəyişib. Dollar möhkəmlənir, avro qarşısında da güclənib. Qızıl dollarla qiymətləndirildiyi üçün bu, onun qiymətinə aşağı istiqamətdə təsir göstərir. Bununla belə, beynəlxalq analitik şirkətlər hesab edir ki, qızılın fundamental göstəriciləri hələ də güclüdür və uzunmüddətli perspektivdə qiymətlərin davamlı şəkildə enməsi üçün ciddi əsaslar görünmür.

Qızıl almaq istəyən ala bilər. Lakin bu, şəxsi qərardır və mən heç kimə investisiya məsləhəti vermirəm”.

Aysel Timur

1xeber.media