Вернуться назад Распечатать

“Özəl bağçalarda qidalanma ürəkaçan deyil” - AQTA sədri

“Özəl bağçaların səksən faizdən çoxunda aparılmış nəzarət tədbirləri zamanı ciddi nöqsanlar aşkar edilib”.

1xeber.media  xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Trend-ə və “Xəzər TV”yə birgə müsahibəsində deyib.

Onun sözlərinə görə, məktəb və bağçalarda qida təhlükəsizliyi sahəsində Elm və Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edirik. Həm məktəbəqədər təhsil müəssisələrində, həm də ümumi təhsil müəssisələrində tərəfimizdən mütəmadi monitorinqlər aparılır:

“Həm məktəblərdə, həm də məktəbəqədər təhsil müəssisələrində tərəfimizdən geniş maarifləndirmə işləri həyata keçirilir. Həmin müəssisələrdə qida təhlükəsizliyi və keyfiyyətə nəzarət üzrə məsul şəxslər müəyyən edilib, onlara müvafiq təlimlər keçirilib və qida təhlükəsizliyi ilə bağlı zəruri təlimatlar verilib. Təəssüflər olsun ki, özəl uşaq bağçalarında qidalanma ilə əlaqədar vəziyyət ürəkaçan deyil. Özəl bağçaların səksən faizdən çoxunda aparılmış nəzarət tədbirləri zamanı ciddi nöqsanlar aşkar edilib. Daha dəqiq desək, yoxlanılan 107 uşaq müəssisəsinin 88-də müxtəlif qanun pozuntuları müəyyən olunub. Aşkar edilmiş nöqsanlar arasında istifadə müddəti bitmiş ərzaq məhsullarından istifadə, qida məhsullarının saxlanma rejiminə düzgün əməl olunmaması, qida məhsullarının saxtalaşdırılması halları, eləcə də kərə yağı adı altında bitki mənşəli yağların uşaqlara təqdim edilməsi kimi ciddi pozuntular var. Bundan əlavə, müəssisələrdə sanitar-gigiyenik və sanitar-texniki vəziyyətlə bağlı da ciddi çatışmazlıqlar qeydə alınıb. Fürsətdən istifadə edərək özəl uşaq bağçalarının rəhbərlərinə də müraciət etmək istəyirik. Uşaqlar bizim gələcəyimizdir və onların sağlam qidalanmasının təmin olunması hər bir müəssisənin və hər bir fərdin məsuliyyətidir. Buna görə də qidaların təhlükəsizliyi, saxlanma şəraiti və qidalanma rejiminin təşkilinə, eləcə də keyfiyyət və təhlükəsizlik tələblərinə ciddi şəkildə əməl olunmalıdır. Əks halda, qanunvericiliyin tələblərinə uyğun olaraq həmin müəssisələr barəsində müvafiq tədbirlər görüləcək”.