Fyodor Aşnin, Vladimir Alpatov və Dmitriy Nasilovun “Repressiya olunmuş türkologiya” kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb. Kitab repressiya dövrünə aid arxiv materialları əsasında hazırlanıb və sovet türkologiyası tarixinin ən mürəkkəb mərhələlərindən birini elmi faktlar əsasında araşdırır.
1xeber.media xəbər verir ki, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının qərarı ilə çap olunan kitabın ideya müəllifi akademik İsa Həbibbəyli, tərcüməçilər professor Nadir Məmmədli və Könül Mirzəyevadır.
Əsərdə ilk dəfə olaraq Rusiya, Azərbaycan, Qazaxıstan və Qırğızıstanın təhlükəsizlik orqanlarının arxiv sənədləri əsasında 1937–1938-ci illərdə, habelə ondan əvvəlki dövrlərdə siyasi təqiblərə məruz qalmış türkoloqların taleyi sistemli şəkildə araşdırılır. Nəşrdə tanınmış elm və mədəniyyət xadimlərinin – Aleksandr Samoyloviç, Yevgeni Polivanov, Bəkir Çobanzadə, Xalid Səid Xocayev, Əhməd Cavad, Mikayıl Müşfiq, Ahmet Baytursınov, Maqjan Jumabayev, Kasım Tınıstanov və başqalarının həyat və elmi fəaliyyəti haqqında ətraflı məlumat verilir.
Müəlliflər repressiya qurbanı olmuş alimlərin əvvəlcə dövrün ideoloji-siyasi tələblərinə uyğun fəaliyyət göstərməyə məcbur edildiyini, sonradan isə həmin siyasətin qurbanına çevrildiklərini arxiv sənədləri və tarixi faktlar əsasında təhlil edirlər.
Beş fəsildən ibarət kitab türkologiya, dilçilik, tarix və digər humanitar elm sahələrində çalışan tədqiqatçılar, müəllimlər, tələbələr, eləcə də mövzu ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.