Cəlilabad Rayon İcra Hakimiyyətindən heyvan bazarı ilə bağlı rəsmi münasibət: Köhnə bazar bağlanıb, yeni müasir komleks tikilir
Cəlilabad Rayon İcra Hakimiyyəti 1xeber.media-nın efirində yayımlanan "Cəlilabadda kəndlinin tək gəlir yeri də əlindən alınır: Kənd təsərrüfatı rayonunda mal bazarı böhranı" başlıqlı tənqidi xəbərə rəsmi münasibət bildirərək məsələyə aydınlıq gətirib.
Qurumdan verilən açıqlamada qeyd olunur ki, yoluxucu heyvan xəstəliklərinin qarşısının alınması məqsədilə AQTA-nın Lənkəran-Astara Regional Bölməsi tərəfindən Cəlilabad şəhərindəki heyvan satışı bazarında monitorinq keçirilib. Yoxlama zamanı baytarlıq-sanitariya normalarının və qaydalarının kobud şəkildə pozulması ilə bağlı ciddi nöqsanlar aşkar edildiyindən, bazarın fəaliyyəti rəsmi olaraq dayandırılıb. Köhnə heyvan satışı bazarının fəaliyyəti yalnız qida təhlükəsizliyi, sanitariya-gigiyena aktlarının tələblərinə tam uyğunlaşdırıldıqdan və nöqsanlar aradan qaldırıldıqdan sonra bərpa oluna bilər.
İcra Hakimiyyəti heyvan saxlayan sakinlərin və fermerlərin ticarət sahəsində problem yaşamaması üçün alternativ addımların atıldığını diqqətə çatdırıb. Bildirilib ki, AQTA Kollegiyasının müvafiq qərarı ilə təsdiq edilmiş "Heyvan bazarlarına dair baytarlıq-sanitariya normaları və qaydaları"nın tələblərinə uyğun olaraq, rayonda nümunəvi tikinti layihəsi əsasında tam yeni və müasir heyvan satışı bazarının inşası sürətlə davam etdirilir. Yeni bazar kompleksi yaxın günlərdə qanunvericiliklə müəyyən edilmiş bütün baytarlıq-sanitariya və qida təhlükəsizliyi standartlarına tam təmin edilərək sakinlərin istifadəsinə veriləcəkdir.