Вернуться назад Распечатать

Xaçmazda təhsil çalxalanır: Direktor, laborant və sürücü arasında 6000 manatlıq rüşvət davası

Quba-Xaçmaz Regional Təhsil İdarəsində (QXRTİ) müəllimlərin sertifikasiya imtahanlarından qanunsuz yollarla keçirilməsi iddiası ətrafında böyük rüşvət qalmaqalı yaşanır. İmtahandan kəsilən bir müəllimin verdiyi rüşvəti geri tələb etməsi nəticəsində region təhsilində fəaliyyət göstərən gizli korrupsiya şəbəkəsinin üstü açılıb.

1xeber.media-ya müraciət edən şəxs iddia edir ki,Xaçmaz 4 nömrəli tam orta məktəbin müəllimi Qəmər Kərimli imtahandan keçmək üçün yollar axtararkən Zizik kənd tam orta məktəbinin laborantı Ayna Həmidova vasitəsilə yeni təyin olunmuş məktəb direktoru Vəfa Paşayevaya istiqamətləndirilib.
Direktor V.Paşayeva idarənin rəhbər şəxsləri — İnzibati sektorun müdiri Fikrət Heybətov və digər rəsmi şəxs Ruslan Rzayevlə olan yaxın əlaqələrini əsas gətirərək işin həlli müqabilində 6000 manat pul tələb edib. Müəllimdən alınan vəsait direktor tərəfindən idarənin rəsmi sürücüsü, həmçinin Ruslan Rzayevə qeyri-rəsmi sürücülük edən Sahil Qocayevə ötürülüb.
İmtahan zalında qanunsuz köçürməyə şərait yaradılması planlaşdırılsa da, hesablamalar doğru çıxmayıb və Qəmər Kərimli sertifikasiyadan kəsilib. Nəticədən qəzəblənən müəllim regional idarəyə gedərək pulunu geri tələb edib və prokurorluğa şikayət edəcəyini bildirib. Məsələnin böyüdüyünü görən idarə rəhbərliyinin sürücü Sahil Qocayevə "günahı təkbaşına öz üzərinə götür, səni işdən çıxarıb sonra başqa yerdə yerləşdirəcəyik" dediyi iddia edilsə də, sürücü hüquq-mühafizə orqanlarına çağırılacağı təqdirdə hər şeyi etiraf edəcəyini bəyan edib. İndi bütün region təhsili, bir müddət əvvəl "bir savadsız müəllimin sinfə buraxılması vətənə xəyanətdir" deyən elm və təhsil naziri Emin Əmrullayevin bu kütləvi qanunsuzluğa verəcəyə reaksiyanı gözləyir. 
1xeber.media  olaraq qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.