10 min müəllim işsiz qaldı — Sertifikasiya ləğv edilə bilər?
Ölkə üzrə müəllimlərin sertifikatlaşdırılması prosesinin nəticələri cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Belə ki, sertifikatlaşdırmanın hər iki cəhdində minimum keçid balını toplaya bilməyən 9334 müəllimin əmək müqaviləsinə xitam verilməsi təkcə təhsil sistemində deyil, sosial müstəvidə də ciddi suallar doğurur. Söhbət minlərlə ailənin birbaşa gəlir mənbəyini itirməsindən, əmək bazarında yeni iş axtarışlarının artmasından və regionlarda məşğulluq probleminin daha da kəskinləşməsi ehtimalından gedir. Bu qədər böyük sayda müəllimin eyni vaxtda işsiz qalması bir sıra sosial və psixoloji problemləri də gündəmə gətirə bilər. Xüsusilə uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuş şəxslərin yeni iş mühitinə adaptasiyası, alternativ məşğulluq imkanlarının məhdudluğu, ailə büdcəsinə dəyəcək zərbə və sosial təminat məsələləri cəmiyyət üçün mühüm risk faktorları kimi qiymətləndirilir. Bəs minlərlə müəllimin işdən ayrılması yaxın dövrdə hansı sosial nəticələrə səbəb ola bilər və bu prosesin təsirlərini azaltmaq üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı sosioloq Mail Yaqub 1xəbər.media-ya açıqlamasında deyib ki, bu məsələdə diqqət çəkən və müzakirə doğuran əsas məqamlardan biri sertifikatlaşdırma prosesinin mahiyyətidir:
“Belə ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən sertifikasiya imtahanı müəyyən mənada nazirliyin özünün verdiyi diplomların etibarlılığı ilə bağlı suallar yaradır. Çünki bu yanaşma müəllimlərin ali təhsil müəssisələrində əldə etdikləri ixtisas və biliklərin yenidən təsdiqlənməsini tələb edir. Təxminən 10 minə yaxın müəllimin işdən kənarlaşdırılmasından söhbət gedirsə, bu, kifayət qədər böyük və ciddi rəqəmdir. Belə genişmiqyaslı ixtisar yalnız təhsil sisteminə deyil, eyni zamanda sosial rifaha və məşğulluq bazarına da təsirsiz ötüşmür”.
Sosioloqun fikrincə, bu səbəbdən sertifikatlaşdırma mexanizminə yenidən baxılması vacibdir:
“Xüsusilə minlərlə müəllimin qısa müddətdə işsiz qalması ciddi sosial nəticələr doğura bilər. Bu baxımdan, prosesin daha mərhələli və balanslı şəkildə aparılması, eləcə də mövcud imtahan modelinin effektivliyinin yenidən qiymətləndirilməsi zəruri görünür. Sertifikasiya imtahanlarının tətbiqi, müəyyən mənada, təhsil sisteminin öz fəaliyyətinə qarşı suallar formalaşdırır. Bu səbəbdən, gələcəkdə bu modelin ləğvi və ya alternativ qiymətləndirmə mexanizmləri ilə əvəz olunması da müzakirə mövzusu ola bilər”.
Aysel Timur
1xəbər.media