Banqladeşin Savar şəhərində “Yunus Sosial Biznes Mərkəzi” və Grameen Bankın birgə təşkilatçılığı ilə “Sosial biznes: parçalanmış dünyada sülhün dili” mövzusunda 16-cı Sosial Biznes Gününə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Konfrans Grameen Bankın fəaliyyətə başlamasının 50 illiyi, Nobel Sülh Mükafatı laureatı, sosial biznes konsepsiyasının banisi professor Məhəmməd Yunusun və Grameen Bankın Nobel Sülh Mükafatına layiq görülməsinin 20 illiyi münasibətilə təşkil olunub.
1xeber.media xəbər verir ki, tədbirdə dünyanın müxtəlif ölkələrindən dövlət qurumlarının, akademik dairələrin, biznes və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.
Azərbaycanı beynəlxalq konfransda Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev təmsil edib.
U.Mirzəyev “Qlobal çağırışların həllində yeni texnologiyaların rolu” mövzusunda keçirilən panel müzakirəsində əsas məruzəçilərdən biri kimi çıxış edib. O, çıxışında müasir texnologiyaların sosial təsir imkanlarından, xüsusilə münaqişələrdən zərər çəkmiş icmaların dəstəklənməsi, mina təhlükəsi ilə üzləşən ərazilərdə maarifləndirmə işinin təşkili, bərpa və dayanıqlı inkişaf proseslərində innovativ yanaşmaların tətbiqindən danışıb. BAMF prezidenti, həmçinin Azərbaycanın münaqişədən sonrakı bərpa təcrübəsi, mina təhlükəsinə qarşı həyata keçirilən tədbirlər, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və bu proseslərdə vətəndaş cəmiyyətinin rolu barədə iştirakçılara ətraflı məlumat verib.
Səfər çərçivəsində Umud Mirzəyevin Nobel Sülh Mükafatı laureatı, professor Məhəmməd Yunusla görüşü də keçirilib.
Görüşdə BAMF ilə “Yunus Mərkəzi” arasında əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi, sosial biznes modelinin münaqişədən zərər çəkmiş icmaların sosial-iqtisadi inkişafına verə biləcəyi töhfələr, eləcə də gələcək birgə təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.
Professor Məhəmməd Yunus BAMF-ın dəvəti və təşkilatçılığı ilə Azərbaycana etdiyi ilk səfərini, Fondun baş ofisində keçirilən “Kasıbların Bankiri” kitabının təqdimat mərasimini, ADA Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirdiyi görüşləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəvəti ilə, eləcə də COP29 çərçivəsində Azərbaycana səfərlərini məmnunluqla xatırladığını bildirib.
O, Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşləri xüsusi qeyd edərək, ilk səfərindən sonra Azərbaycanla bağlı formalaşan müsbət təəssüratlarının bu gün də yaddaşında qaldığını vurğulayıb.
Görüş zamanı tərəflər BAMF ilə “Yunus Mərkəzi” arasında əməkdaşlığın daha da genişləndirilməsi, UNEC-də fəaliyyət göstərən “Yunus Sosial Biznes” Mərkəzinin inkişafına dəstək, sosial biznes, icma inkişafı, gənclərin iştirakçılığı və humanitar sahədə birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə edərək bu istiqamətlər üzrə əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.
Qeyd edək ki, hər il professor Məhəmməd Yunusun təşəbbüsü ilə keçirilən Sosial Biznes Günü dünyanın müxtəlif ölkələrindən ictimai xadimləri, sosial biznes nümayəndələrini, alimləri, innovatorları, gəncləri və vətəndaş cəmiyyəti institutlarını bir araya gətirən qlobal platformalardan biri hesab olunur.


