Вернуться назад Распечатать

Bakının mərkəzində iki yol bağlanacaq

Bakıda daha iki yol sahəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq olunacaq.

Bu barədə 1xeber.media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Məlumata görə, vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə Xan Şuşinski küçəsində (Rəşid Behbudov küçəsindən Vaqif küçəsinədək) 02 iyul 2026-cı il saat 10:00-dan 04 iyul saat 07:00-dək yol nəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanacaq.

Hüseyn Cavid prospektində (Əbdürrəhim bəy Haqverdiyev küçəsindən Lev Landau küçəsinədək) isə 02 iyul saat 10:00-dan 03 iyul saat 22:00-dək nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq. Daha sonra, 03 iyul saat 22:00-dan 06 iyul saat 07:00-dək sözügedən yol sahəsi tam bağlanacaq.

AAYDA sürücülərdən qeyd olunan tarixlərdə alternativ marşrutlardan istifadə etmələrini çağırıb.