Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Ekologiya kafedrasının, Beynəlxalq Ekoenergetika Akademiyasının və Coğrafiya İnstitutunun birgə təşkilatçılığı ilə “Yaşıl enerji, enerji effektivliyi və iqlim dəyişikliklərinin məlumat bazası” mövzusunda elmi konfrans keçirilib.
1xeber.media AZƏRTAC-a istinadən xəbər verir ki, Universitetdəntədbirdə yaşıl enerji texnologiyalarının inkişafı, enerji səmərəliliyinin artırılması, bərpaolunan enerji mənbələrinin tətbiqinin genişləndirilməsi, iqlim dəyişikliklərinin təsirlərinin elmi əsaslarla qiymətləndirilməsi, yaşıl memarlıq və dayanıqlı şəhərsalma yanaşmaları, habelə bu istiqamətdə aparılan tədqiqatların nəticələri müzakirə olunub.
Açılış mərasimində AzMİU-nun Ekologiya kafedrasının müdiri Fəqan Əliyev yaşıl iqtisadiyyatın formalaşdırılması, enerji təhlükəsizliyinin təmin olunması və iqlim dəyişikliklərinə qarşı mübarizədə elmi araşdırmaların mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, müasir dövrdə yaşıl enerji, enerji effektivliyi və ekoloji dayanıqlılıq yalnız enerji sektorunun deyil, həm də memarlıq, tikinti və şəhərsalma sahələrinin əsas inkişaf istiqamətlərindən birinə çevrilib. Professor bildirib ki, universitetlər və elmi-tədqiqat müəssisələri innovativ həllərin hazırlanması və tətbiqi ilə ölkənin yaşıl transformasiya prosesinə mühüm töhfə verirlər.
Daha sonra çıxış edən AzMİU rektorunun müşaviri, Dünya Azərbaycanlı Alimlər Birliyinin İdarə Heyətinin sədri Məsud Əfəndiyev Azərbaycan Respublikasında bərpaolunan enerji mənbələrinin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb. O, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında bərpaolunan enerji mənbələrindən istifadə sahəsində əlavə tədbirlər haqqında” Sərəncamının ölkədə yaşıl enerji sektorunun inkişafı üçün mühüm hüquqi və strateji baza formalaşdırdığını qeyd edib. Alim vurğulayıb ki, dövlət tərəfindən müəyyənləşdirilən hədəflərə nail olunması yalnız infrastruktur layihələri ilə deyil, eyni zamanda, fundamental və tətbiqi elmi tədqiqatların gücləndirilməsi, innovativ texnologiyaların hazırlanması və universitet-elmi mərkəz əməkdaşlığının genişləndirilməsi ilə mümkündür. Onun sözlərinə görə, yaşıl keçid prosesinin uğuru elmi potensialın səfərbər olunmasından və bilik əsaslı həllərin tətbiqindən birbaşa asılıdır.
Konfransda AzMİU-nun Ekologiya kafedrasının dosenti Fərhad Əliyev, Gəncə Dövlət Universitetinin Ekologiya kafedrasının müdiri biologiya elmləri doktoru, professor Sevda Əhmədova, həmin universitetin Botanika kafedrasının professoru Aynur Bayramova, Azərbaycan Dövlət Aqrar Universitetinin Ekologiya kafedrasının müdiri Nizami Seyidəliyev, Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin dekanı Afət Məmmədova, həmin fakültənin Botanika kafedrasının professoru Humirə Hüseynova, Ekologiya Təhsil Departamentinin rəisi, “EkoSfera” Ekoloji-Sosial Mərkəzi İctimai Birliyinin sədri Firuzə Sultanzadə və başqaları yaşıl enerji texnologiyalarının tətbiqi, bərpaolunan enerji mənbələrinin səmərəli istifadəsi, ekoloji təhlükəsizlik və iqlim dəyişikliklərinin təsirlərinin azaldılması istiqamətində aparılan tədqiqatlardan bəhs ediblər. Çıxışlarda beynəlxalq təcrübənin öyrənilməsinin, müxtəlif elm və təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinin, birgə layihələrin hazırlanmasının və gənc tədqiqatçıların bu proseslərə fəal cəlb olunmasının vacibliyi xüsusi vurğulanıb.
Konfransın elmi sessiyalarında “Memarlıq və inşaat elmində inşaat fizikasının riyazi modeli və meyarları” “Memarlıq və İnşaat Universitetinin 2-ci korpusunun fiziki modeli, NASA+Metanorm proqramı”, “Türkiyə modeli əsasında iqlim dəyişmələri üzrə eksperiment poliqonunun izahı”, “Azərbaycanda bərpa olunan enerji və nəşr olunan tədqiqatlar” mövzularında məruzələr dinlənilib və təqdimat edilib. Həmçinin yaşıl enerji və enerji effektivliyi sahəsində yeni tədqiqat istiqamətləri, məlumat bazalarının yaradılması, yaşıl memarlıq prinsiplərinin tətbiqi, iqlim dəyişikliklərinin qiymətləndirilməsi mexanizmləri və ekoloji təhlükəsizliyin gücləndirilməsi ilə bağlı təkliflər səsləndirilib.


