Rusiyadan mal əti idxalı 5 dəfə artsa da, iqtisadçı qiymətlərin ciddi şəkildə enəcəyini gözləmir.
Rusiyadan Azərbaycana mal əti idxalının bu ilin ilk dörd ayında kəskin artması bazarda qiymətlərin ucuzlaşıb-ucuzlaşmayacağı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Rəsmi statistikaya əsasən, yanvar-aprel aylarında Rusiyadan mal əti idxalı həcm baxımından 5 dəfə artıb.
Mövzu ilə bağlı 1xəbər.media-ya danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, bu artım Azərbaycanın əsasən Rusiyadan ət idxal etdiyi anlamına gəlmir. Onun sözlərinə görə, ölkənin əsas mal əti təchizatçıları yenə də Ukrayna və Braziliyadır.
Ekspert qeyd edib ki, 2026-cı ilin ilk dörd ayında Azərbaycanda mal əti idxalı həcm baxımından 39 faiz, dəyər baxımından isə 40 faiz artıb. Rusiyadan tədarükün yüksəlməsinin əsas səbəbləri isə rublun zəifləməsi, Rusiyaya tətbiq olunan sanksiyalar və bu ölkənin yeni bazarlar axtarması ilə bağlıdır.
Razi Abbasbəylinin sözlərinə görə, qısamüddətli dövrdə idxalın artması bazarda mal əti çatışmazlığının qarşısını ala və qiymət artımını müəyyən qədər məhdudlaşdıra bilər. Lakin bu, qiymətlərin əhəmiyyətli dərəcədə ucuzlaşacağı anlamına gəlmir.
İqtisadçı vurğulayıb ki, Azərbaycanda yem, logistika, yanacaq və digər istehsal xərcləri yüksək olaraq qalır. Mövcud subsidiyalar da bu xərcləri tam qarşılaya bilmədiyi üçün yerli istehsalçılar çətinliklərlə üzləşirlər. Bundan əlavə, son illərdə ölkədə iribuynuzlu və xırdabuynuzlu heyvanların sayının azalması da bazara mənfi təsir göstərir.
Onun fikrincə, idxalın artması müsbət göstərici kimi qiymətləndirilməməlidir. Xarici bazarlardan asılılığın artması uzunmüddətli perspektivdə yerli istehsalın zəifləməsinə səbəb ola bilər. Buna görə də Rusiyadan mal əti idxalının artması bazarda qiymətlərin ucuzlaşmasını təmin edən əsas amil hesab edilmir.